Müəllif: Tamara Mustafayeva, Banco.az
Bezosun da daxil olduğu konsorsium “Liverpool”un 30 faizlik hissəsini alır.
Banco.az xəbər verir ki, “Amazon”un təsisçisi Ceff Bezosun da daxil olduğu konsorsiumun İngiltərə Premyer Liqasında çıxış edən “Liverpool” futbol klubunun 30 faizlik hissəsini satın almaq üzrə razılaşmaya yaxın olduğu bildirilir.
Konsorsiumun tərkibində “Facebook”un həmtəsisçilərindən Eduardo Saverinin də yer aldığı qeyd olunur.
“Sky News”in məlumatına görə, konsorsiuma polad nəhəngi Lakşmi Mittalın kürəkəni və İngiltərə Çempionşipində çıxış edən “Queens Park Rangers”in keçmiş səhmdarı Amit Bhatia rəhbərlik edir. “Liverpool”un sahibi “Fenway Sports Group”un (FSG) razılaşmanı bu həftə ərzində açıqlaya biləcəyi bildirilir.
FSG-nin sözçüsü ötən ay bildirib: “Amit Bhatia tərəfindən idarə olunan və təmsil edilən investisiya konsorsiumu 'Liverpool' futbol klubuna strateji azlıq investisiyası yatırmaqda maraqlı olduğunu bildirib.”
Sözügedən investisiya “Liverpool”un bazar qiymətləndirilməsini təxminən 4,4 milyard funt sterlinqə (5,9 milyard dollar) çatdıracaq. Bu məbləğ futbol klubu ilə bağlı əməliyyatlar çərçivəsində indiyədək qeydə alınan ən yüksək qiymətləndirmələrdən biri olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
