“Yaşıl dünya naminə həmrəylik ili”: Azərbaycan 2050-ci ilə qədər 40 faiz karbon emissiyalarını azaldacaq | Banco.az

“Yaşıl dünya naminə həmrəylik ili”: Azərbaycan 2050-ci ilə qədər 40 faiz karbon emissiyalarını azaldacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə haqqında Sərəncam imzalayıb.

Banco.az xəbər verir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 1990 ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Bu barədə açıqlama verən iqtisadçı Eldəniz Əmirov hesab edir ki, böyük ehtimal ki, qarşıdakı ildə ekologiyaya və alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasına cavabdeh qurumlar üçün ciddi əmək tutumlu il olacaqdır:

“Burada iki məqama diqqət çəkmək istərdim. Bunlardan biri yaşıl enerjinin növləri, ikincisi potensialın qiymətləndirilməsilə bağlıdır. Belə ki, yaşıl enerji əsasən günəş, külək, hidroenerji, geotermal, bioenerji, dalğa və hidrogen enerjisi olmaqla əsasən 7 kateqoriyaya bölünür. Onların potensialı isə 4 kateqoriya üzrə qiymətləndirilir.

Resurs potensialı.

Texniki potensial

İqtisadi potensial

Bazar potensialı.

Bu 4 potensialın hər biri özündən əvvəlki ilə müqayisədə daha aşağıdır. Buna görə də bu potensiallar haqqında danışanda onları qarışdırmaq olmaz. Yaxşı olardı ki, potensial dedikdə hansı potensialdan bəhs olunduğu vurğulansın”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd etdi ki, yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji kimi anlayışlar heç də özündə yaşıl rəngi hərfi mənada ifadə etmir:

“Yaşıl” ifadəsinin geniş anlamda açıqlaması “Ekologiyaya zərər vurmayan” mənasını daşıyır. Bu konteksdə yaşıl iqtisadiyyat, yaşıl enerji, alternativ enerji anlayışları günümüzün trendinə çevrilib”- sitatın sonu.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi də önəmli hadisədir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə də qoşulub.

Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Xatırladaq ki, Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram