Yaponiyanın avtomobil nəhəngi minlərlə avtomobilini geri çağırır | Banco.az

Yaponiyanın avtomobil nəhəngi minlərlə avtomobilini geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

"Toyota" Şimali Amerikada təxminən 10 min ədəd 2026-cı il model C-HR elektrik avtomobilini geri çağırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, buna səbəb avtomobillərdə aşkar edilən proqram təminatı qüsurudur.

Məlumata görə, proqram təminatındakı nasazlıq sürücülük zamanı qəfil güc itkisinə səbəb ola bilər. Bu isə xüsusilə yüksək sürətlə hərəkət zamanı qəza riskini artıra bilər.

“Car and Driver”in məlumatına əsasən, texniki problem avtomobilin regenerativ əyləc sistemi ilə bağlıdır. Batareyanın doldurma səviyyəsi yüksək olduqda, əyləc zamanı batareyanın həddindən artıq doldurulması riski yarana bilər.

Belə halda təhlükəsizlik məqsədilə elektrik ötürücü sistemi avtomatik olaraq sönə və nəticədə avtomobil qəfil güc itkisi ilə üzləşə bilər.

Geri çağırılma Kanada da daxil olmaqla Şimali Amerika bazarındakı 2026-cı il model C-HR avtomobillərini əhatə edir. Şirkətin məlumatına görə, avqustun sonunadək ABŞ-da 6 321 ədəd C-HR satılıb.

Avtomobil sahiblərinə noyabrın əvvəlində məlumat veriləcəyi bildirilir. Problemin isə səlahiyyətli dilerlərdə proqram təminatının yenilənməsi yolu ilə aradan qaldırılması nəzərdə tutulur.

Bunun üçün avtomobillərin Batareya Elektrikli Nəqliyyat Vasitələrinin Elektron İdarəetmə Qurğusunun (BEV ECU) proqram təminatı yenilənəcək.