Müəllif:Mehin Qasımova,Banco.az
Çin cənub-qərb bölgələrini dənizlə daha birbaşa birləşdirəcək 134,2 kilometrlik Pinqlu Kanalını istifadəyə verib.
Banco.az xəbər verir ki, layihə Quansi Çjuan Muxtar Rayonunun Nannin şəhərindən Beybu körfəzinə qədər uzanır.
Kanalın tikintisinə ümumilikdə 72,7 milyard yuan (təxminən 10,75 milyard dollar) sərmayə yatırılıb. Layihənin əsas məqsədi yük daşımalarında məsafəni 560 kilometrdən çox azaltmaq və logistika xərclərini 18-30 faiz aşağı salmaqdır.
Pinqlu Kanalı 5 min tona qədər yük tutumuna malik gəmilərin hərəkəti üçün nəzərdə tutulub. Kanal boyunca yerləşən şlüzlərdə gəmilərin daha sürətli keçidini təmin edən və su sərfiyyatını azaltmağa imkan verən yeni texnologiyalardan istifadə edilib.
Yeni su yolu Çinin cənub-qərb bölgələrindən gələn yüklərin dəniz limanlarına daha qısa marşrutla çatdırılmasına imkan verəcək. Xüsusilə ASEAN ölkələrində yerləşən əsas limanlara yük daşımalarının daha sürətli və daha aşağı xərclə həyata keçirilməsi gözlənilir.
Məlumata görə, kanalın istifadəyə verilməsi nəticəsində regional logistika xərclərində illik 5 milyard yuandan çox qənaət əldə edilə bilər.
Pinqlu Kanalının Çin ilə ASEAN ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə və cənub-qərb bölgəsinin iqtisadi fəallığının artmasına töhfə verəcəyi gözlənilir.
