Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Darius Braun sığınacaqlardakı pişik və itlərin daha asan sahibləndirilməsi üçün başladığı təşəbbüs çərçivəsində 7 mindən çox əl işi qalstuk hazırlayıb.
Banco.az xəbər verir ki, Braun 8 yaşında nitq pozğunluğu, disleksiya və incə motor bacarıqlarına təsir edən əzələ problemləri ilə bağlı diaqnoz alıb. O, əl terapiyası çərçivəsində böyük bacısından tikiş tikməyi öyrənib.
Heyvanlara və kəpənək qalstuklarına olan marağını tikiş bacarığı ilə birləşdirən Braun 2016-cı ildə, 10 yaşında “Beaux & Paws” adlı qeyri-kommersiya təşkilatını yaradıb.
2017-ci ildə ABŞ-da baş verən Harvey və İrma qasırğalarından sonra sığınacaqlara gətirilən heyvanların sayının artması Braunı yeni aksessuarlar hazırlamağa sövq edib. O, heyvanların diqqət çəkməsi üçün rəngli qalstuk və boyunbağılar hazırlamağa başlayıb.
Hazırladığı aksessuarları taxan heyvanların fotolarını sosial şəbəkələrdə paylaşan Braun bunun onların daha çox diqqət çəkməsinə və sahibləndirilməsinə kömək etdiyini bildirib.
“Birini al, birini bağışla” modeli ilə fəaliyyət göstərən təşkilat bu günə qədər 7 mindən çox aksessuar hazırlayıb. Layihə həmçinin hərraclar və ianələr vasitəsilə 500 min dollardan çox vəsait toplayıb.
Toplanan vəsait sığınacaqlardakı heyvanların baytarlıq xərclərinin, peyvəndlərinin, sterilizasiya prosedurlarının, yem və digər ehtiyaclarının qarşılanmasına, həmçinin heyvanların sahibləndirilməsi ilə bağlı tədbirlərin keçirilməsinə yönəldilir.
