Vergilər və azalan iqtisadi səmərə | Banco.az

Vergilər və azalan iqtisadi səmərə

Müəllif: Xəyal İsmayılov, Banco.az

Dünyada iki şeydən qaçmaq mümkün deyil: 1) ölümdən və 2) vergidən.

Vergilərin bazar iqtisadiyyatının ayrılmaz atributu olduğunu desək, bəlkə də, yanılmarıq. Bazar iqtisadiyyatı şəraitində vergilər dövlət büdcəsinin gəlirlərinin böyük hissəsini təşkil edir. Bazar iqtisadiyyatını vergilərsiz təsəvvür etmək mümkün deyil. Qızğın siyasi mübahisələrə səbəb olan vergilərin optimal müəyyənləşdirilməsi və tətbiq edilməsi mühüm əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatında tələb və təklif əsas hərəkətverici qüvvələrdir. Vergi tətbiq edilməsinin əsas məqsədi dövlət büdcəsinin gəlir hissəsini formalaşdırmaq olduğundan vergilərin istehsalçıların və ya istehlakçıların üzərinə qoyulmasının, tələb və təklifin elastikliyinin nəzərə alınması vacibdir. Çünki vergi tətbiqi son nəticədə qiymətlərin artımına səbəb olur. Qiymət artımı isə tələb və təklifin həcminin dəyişməsinə səbəb olur. İstehsalçının və ya istehlakçının üzərinə qoyulmasından asılı olmayaraq vergilər cəmiyyətin izafi faydasının azalmasına səbəb olur. Məsələn, fərz edək ki, alma bazarında 1 kq alma 1 manatdır. 1 kq 1 manata bərabər olan almadan bu qiymətdə tələbin həcmi 1000 kq-dır. İndi isə fərz edək ki, alma üzərinə 10 qəpik vergi qoyulur. Artıq almanın qiyməti 1 manat deyil, 1 manat 10 qəpik olacaqdır. Bu halda almaya olan tələb 1000 kq deyil, qiymətin artması ilə əlaqədar olaraq tələbin həcmi azalaraq 800 kq olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bəs vergi səbəbindən itirilmiş iqtisadi səmərənin böyük və ya kiçik olmasını nə müəyyən edir?

Cavab tələb və təklifin elastikliyidir. Əgər təklif qeyri-elastik olarsa, onda itirilmiş iqtisadi səmərə az, təklif elastik olarsa isə, itirilmiş iqtisadi səmərə çox olar. Eyni ilə tələb qeyri-elastik olarsa, vergilər səbəbindən itirilmiş iqtisadi səmərə kiçik, əks halda isə böyük olar.

İslandiyada 1980-ci illərdə vergilərin iqtisadiyyata necə təsir etməsi ilə bağlı təbii eksperiment aparılıb. Belə ki, 1987-ci ildə marjinal vergi dərəcəsi 0-a bərabər olub. Və belə bir nəticə əldə olunub: 1987-ci ildə iş saatlarının həcmi təxminən 3% artmış, 1988-ci ildə isə öz normal səviyyəsinə qayıtmışdır. 1987-ci ildə real ÜDM əvvəlki və sonrakı illə müqayisədə təqribən 4% artmışdır. Belə nəticəyə gəlmək olar ki, insanlar stimullara cavab verirlər.

Rəsmi məlumatlara görə hər ötən ay əmanətlərin həcmi azalır. Əmanətlərin həcminin azalması birbaşa borc bazarına təsir edir. Borc verilə bilən vəsaitlərin həcmi azaldığından borc faiz dərəcəsi qalxır, investisiyaların həcmi azalır. İnvestisiyaların həcminin azalması isə yeni investisiya layihələrinin azalmasından xəbər verir ki, bu da son nəticədə büdcəyə daxilolmaların həcminin azalmasına səbəb olacaq. Buna görə də, fikrimcə, belə çətin bir durumda vergi güzəştlərini ləğv etmək əvəzinə, çətin vəziyyətdən çıxmaq üçün müəyyən imkanlar verilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et