Müəllif: Tamara Mustafayeva, Banco.az
İspaniyanın telekommunikasiya nəhəngi “Telefónica SA” genişmiqyaslı xərc azaldılması proqramı çərçivəsində ölkədə 6 min 88 nəfəri işdən çıxarmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Ümumi İşçilər İttifaqının (UGT) sözçüsü çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, ixtisarlar şirkətə bağlı yeddi quruma təsir göstərəcək. Həmkarlar ittifaqı bazar ertəsi əvvəlcə 5 min 300-dən çox işçinin işdən çıxarılacağını açıqlamışdı, lakin “Telefónica”nın aidiyyəti bölmələrlə danışıqları tamamlamasından sonra rəqəm yenilənib.
“Telefónica”nın baş direktoru Mark Murtra şirkətin ilin sonuna dair sərbəst pul axını proqnozunu aşağı salması və dividendləri yarıbayarı azaltmasından sonra əməliyyat xərclərini azaltmaq məqsədi daşıyan planını yaxın vaxtlarda elan etmişdi.
Açıqlamalardan sonra şirkətin səhmləri 13 faiz ucuzlaşıb və bu göstərici şirkət tarixində ən böyük üçüncü gündəlik dəyər itkisidir.
“Telefónica”nın son böyük ixtisar dalğası 2023-cü ildə baş vermiş, o zaman İspaniyada 3 min 421 əməkdaş — yəni işçi qüvvəsinin təxminən 16 faizi — şirkətdən ayrılmaq məcburiyyətində qalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
