Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT-lərdə kənar auditə dair yeni tələbləri təsdiqləyib.
Mərkəzi Bank “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank olmayan kredit təşkilatlarında (BOKT) kənar auditin təşkili ilə bağlı yeni minimum tələbləri təsdiqləyib və sənəd 22 noyabr 2025-ci ildən qüvvəyə minib.
Yeni tələblər kənar auditorun seçilməsi meyarlarını, auditorun fəaliyyətinə dair minimal standartları və Audit Komitəsinin vəzifələrini müəyyən edir. Sənəddə eyni auditorun ardıcıl 5 ildən çox bir BOKT-də audit aparmaması, audit prosesinə cəlb olunacaq əməkdaşların son 3 ildə həmin təşkilatda çalışmaması kimi müddəalar yer alıb. Bundan başqa, BOKT-lərin hər il dekabrın 15-dək audit yoxlamasını aparacaq kənar auditor barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməsi öhdəliyi müəyyən edilib.
Mərkəzi Bank bildirir ki, yeni tələblər BOKT sektorunda şəffaflığın artırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edəcək. Qurum sektorda institusional quruculuğun, korporativ idarəetmənin və beynəlxalq praktikaya uyğun audit mexanizmlərinin gücləndirilməsi istiqamətində işləri davam etdirəcək.
