“Unibank” KB ASC istiqraz sahiblərinə növbəti faizlərini ödəyib. Bununla da bankın istiqrazlarını alan şəxslər artıq üçüncü dəfədir ki, bu qiymətli kağızlardan faiz gəliri götürürlər. Xatırladaq ki,Unibankın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10 min dollar, ümümi dəyəri 10 milyon dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilib. Emissiya prospektinin şərtlərinə görə, faiz gəlirləri istiqraz sahiblərinə hər 90 gündən bir ödənilir.
Qeyd edək ki, Unibank istiqrazları hazırda bazarda dollar valyutasında ən yüksək gəlirliliyi olan istiqrazlardandır. İllik 6% gəlirliliyə malik istiqrazların tədavül müddəti 6 ildir və istiqraz sahibləri müddətin sonunadək 24 dəfə faiz götürə biləcəklər.
Bu istiqrazların uğurla yerləşdirilməsi bankın törəmə şirkəti olan Unicapital İnvestisiya şirkəti tərəfindən həyata keçirilib.Məqsəd açıq maliyyə bazarından vəsaitin cəlb edilməsi ilə yanaşı, Unibankın Azərbaycan qiymətli kağızlar bazarının inkişafına dəstəyini daha da gücləndirməkdir. İstiqrazların satışından əldə edilən vəsait Unibank tərəfindən ixrac potensiallı qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir.
####
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.