Uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azaldacaqmı? | Banco.az

Uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azaldacaqmı?

İqtisadçı ekspert, Samir Əliyev Mərkəzi Bankın uçot dərəcələrinin dəyişdirilməsi ilə bağlı verdiyi xəbərə öz münasibətini bildirərərək, qərarı təhlil edib.

Mərkəzi Bank iyulun 13-də uçot dərəcəsini 3.5%-dən 3%-ə endirdi. Əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizləri azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir. Həmişə olduğu kimi bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsiri proqnozları gündəmi zəbt edib. Mətbuatda artıq qərarın kredit faizlərini azalacağı kimi məlumatlar yer alıb.

Məlumat üçün bildirim ki, uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5.25%-ə qədər qaldırılıb, sonra yenidən üzüaşağı gedib.

Uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azaldacaqmı? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Uçot dərəcələri dəfələrlə aşağı salınıb, ancaq kredit bazarına təsir olmayıb. Məsələn, 2008-2009-cu illərdə uçot dərəcəsi 15%-dən 2%-ə endirilsə də kredit faizlərində azalma baş verməyib. Halbuki ABŞ, Avropa və Yaponiyada uçot dərəcəsinin 0,25% dəyişməsi kifayətdir ki, bazarda canlanma yaradasan. Azərbaycanda oxşar təsirlər baş vermir. Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyardan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17%-dən 21%-ə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir. Ancaq məhdud sayda banklar üçün Mərkəzi Bankı dəstəyi əlçatandır.

Ola bilsin ki, bazarda kreditlərin ucuzlaşmasını müşahidə edək. Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq. Artıq 2 səbəb mövcuddur:

  • Tələbatın kəskin azalması və bankların dollar bolluğundan “əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılası
  • Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması.

Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkinci isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq.

Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təyziqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların və hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq.

Ən sərfəli krediti almaq üçün müraciət et