Türkiyədə gəlirə görə kredit məhdudiyyətləri 45%-lik hədd çərçivəsində müəyyən ediləcək. Belə ki, 1000 lirə maaş alan şəxsin aylıq ödənişi 450 lirəni keçə bilməz.
Bu zaman Bankların Nəzarəti və Tənzimlənməsi üzrə dövlət Müfəttişliyi (BDDK) istehlak, ipoteka və avtomobil krediti götürmək istəyən şəxslərin aldığı maaşı əsas faktor kimi götürəcək. Şəxsin aldığı bütün kreditlərin ümumi həcmi maaşın müəyyən edilmiş hissəsindən artıq olmayacaq.
Onu da qeyd etmək istərdik ki, borc-gəlir nisbəti ilə əlaqədar bir sıra tədbirlər ABŞ-da da ipoteka kreditləri ilə bağlı olan maliyyə böhranından sonra həyata keçirilməyə başlanmışdı.
Əgər BDDK tərəfindən ilkin olaraq müəyyən edilmiş 45%-lik nisbət keçərli olarsa, onda aylıq maaşı 1000 lirə olan şəxs ancaq 40.000 lirəlik ev ala biləcəkdir. Çünki Türkiyədə banklar yalnız ümumi məbləğin 75%-i qədər kredit verirlər və müştəri ilkin ödəniş kimi 10.000 lirə ödədikdən sonra ancaq 30.000 lirəlik kredit götürə biləcəkdir. Eləcə də bankların tətbiq etdiyi faiz dərəcəsi də dəyişir. Məsələn, bir bankdan 30.000 lirə kredit götürən müştəri 118 ay müddətinə aylıq 450 lirə ödəməli olduğu halda, digər bankda 31.000 lirəlik kreditinin aylıq ödənişi 446 TL və müddəti isə 120 aydır. Əgər müştəri aylıq 450 lirə ödəməklə 50.000 TL-ə ev almaq istəyirsə, bu zaman onun öz cibindən ödəyəcəyi ilkin ödənişin məbləği 17.386 lirəyə qədər yüksəlir.
Qeyd edək ki, BDDK bir müddət əvvəl ehtiyac kreditlərinin müddətinə 36 ay, avtomobil kreditlərinin müddətinə isə 48 aylıq məhdudiyyət qoymuşdur. Eləcə də, avtomobil krediti götürmək üçün avomobilin maksimum 75%-i nisbətində kredit verilə bilər.