Dünya Bankı qızılın bahalaşacağını, neftin ucuzlaşacağını proqnozlaşdırır | Banco.az

Dünya Bankı qızılın bahalaşacağını, neftin ucuzlaşacağını proqnozlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya Bankı “Əmtəə bazarlarına baxış” hesabatının oktyabr buraxılışını dərc edib.

Banco.az xəbər verir ki, hesabatda bildirilir ki, əmtəə qiymətləri 2026-cı ildə altı ilin ən aşağı səviyyəsinə enəcək və bu, ardıcıl dördüncü eniş ili olacaq.

Qurumun proqnozuna əsasən, zəif qlobal iqtisadi artım, artan neft profisiti və siyasətdəki qeyri-müəyyənliklər nəticəsində əmtəə qiymətləri bu il və gələn il ərzində 7 faiz azalacaq.

Hesabatda qeyd olunub ki, enerji qiymətlərinin ucuzlaşması qlobal inflyasiyanın azalmasına töhfə verib, düyü və buğda qiymətlərinin düşməsi isə bəzi inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərini daha əlverişli edib. Bununla belə, əmtəə qiymətləri hələ də pandemiyadan əvvəlki dövrün üzərində qalır — 2025 və 2026-cı illərdə müvafiq olaraq 23 və 14 faiz 2019-cu il səviyyəsindən yüksək olacağı gözlənilir.

Neftin ucuzlaşması proqnozlaşdırılır

Hesabatda bildirilir ki, qlobal neft profisiti bu il əhəmiyyətli dərəcədə artıb və gələn il 2020-ci ildəki səviyyədən 65 faiz yüksək olacağı gözlənilir. Elektrikli və hibrid avtomobillərə artan maraq, eləcə də Çində neft tələbindəki durğunluq nəticəsində qlobal neft tələbi daha yavaş artır.

Bunun nəticəsində “Brent” markalı neftin qiymətinin bu il orta hesabla 68 dollar, 2026-cı ildə isə 60 dollar olacağı və bunun son beş ilin ən aşağı səviyyəsi olacağı qeyd edilir. Ümumilikdə, enerji qiymətlərinin 2025-ci ildə 12 faiz, 2026-cı ildə isə 10 faiz azalacağı proqnozlaşdırılır.

Ərzaq və kənd təsərrüfatı məhsullarında azalma

Dünya Bankına görə, ərzaq qiymətləri 2025-ci ildə 6,1 faiz, 2026-cı ildə isə 0,3 faiz azalacaq. Bu il rekord istehsal və ticarət gərginliyi səbəbindən soya qiymətləri azalıb, yaxın iki ildə stabilləşəcəyi gözlənilir. Qəhvə və kakao qiymətlərinin isə 2026-cı ildə tədarük şərtlərinin yaxşılaşması fonunda azalacağı proqnozlaşdırılır.

Gübrə qiymətlərinin 2025-ci ildə 21 faiz artacağı, 2026-cı ildə isə 5 faiz azalacağı qeyd olunub. Dünya Bankı əlavə edib ki, artan istehsal xərcləri fermerlərin mənfəət marjasını daraldacaq və gələcək məhsuldarlıqla bağlı narahatlıqları gücləndirəcək.

Qızıl və gümüşdə artım gözlənilir

Hesabatda qiymətli metalların bu il rekord səviyyələrə çatdığı vurğulanıb. Mərkəzi bankların “təhlükəsiz liman” aktivlərinə marağının artması bu yüksəlişi dəstəkləyib.

Qızılın qiymətinin 2025-ci ildə 4,2 faiz, 2026-cı ildə isə 5 faiz artacağı, bununla da 2015–2019-cu illər ortalamasının ikiqatına yaxınlaşacağı qeyd edilib. Gümüşün qiymətinin isə bu il 34 faiz artaraq rekord səviyyəyə çatacağı, 2026-cı ildə isə əlavə 8 faiz yüksələcəyi proqnozlaşdırılır.

Dünya Bankı xəbərdarlıq edir ki, əgər qlobal iqtisadi artım zəif qalmaqda davam etsə və ticarət gərginliyi, eləcə də siyasətdəki qeyri-müəyyənliklər uzansa, əmtəə qiymətləri gözləniləndən daha çox enə bilər