Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiyadan Azərbaycana tikinti məqsədi üçün nəzərdə ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) satıb. 2023-cü ildə isə bu rəqəm 213 dolları (362 manat) ötüb. Bu qiymət pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha baha sayılır.
Son günlərdə tikinti materialları satılan bazarda qiymətlərin bahalaşması barədə Banco.az-a iqtisadçı-ekspert Xalid Kərimli açıqlama verib. Ekspert bildirib ki, taxtadan hazırlanan bəzi tikinti məhsullarının hamısında 2023-cü ilin ikinci yarısından bahalaşma müşahidə edilir.
“Avropa bazarından rusları, belarusları uzaqlaşdırıb sanksiyalar tətbiq etdikdən sonra onlar əllərində qalan malları kəskin ucuz qiymətə verdilər. 2022-ci ilin əvvəlindən 2023-cü ilin ortalarına qədər bu belə davam edib. Amma sonra 2023-cü ilin ortasından başlayaraq bazarda yeni müştərilər tapandan sonra qiymətləri bahalaşdırmağa başladılar. İndi qış fəsli olduğu üçün bu da qiymətlərin bahalaşmasına təsir edir”.
Aİ-nin Rusiyadan DSP idxalına tətbiq etdiyi sanksiya ilə əlaqədar olaraq Rusiya mebel məhsullarının bahalaşması gözlənilir.
Qiymətlərin artmasının idxala təsirləri barədə danışan iqtisadçı qeyd edib ki, vəziyyətin bütün bazara təsir etməsi bəlli deyil.
“Mebel bazarı çox rəqabətli bazardır. Amma kiçik sexlərdə bahalaşmanı müşahidə edəcəyik. Çünki burada çeviklik var, qiymətlər də, endirimlər də sürətlə qalxıb-düşüb. Ümumi mebel bazarında ciddi artım olacağını güman etməsəm də, ucuzlaşma da müşahidə olunmayacaq. Təkcə hansısa bir taxtanın bahalaşması ilə qiymətlər dəyişmir. Burda çoxlu faktorlar var”.
Tikinti materiallarının qiymətinin bahalaşmasının mənzil bazarına təsirləri barədə danışan Xalid Kərimli vurğulayıb ki, evin maya dəyərində taxtın xüsusi çəkisi azdır. Burada digər faktorlar daha çox rol oynayacaq.
“Vacib faktorlardan biri də daşınmaz əmlaka yönəldiləcək pul kütləsidir. Bu daha vacib amil sayılır. Taxtanın qiymətinin dəyişməsi evin maya dəyərinin cüzi hissəsini təşkil edir. Hesab edirəm ki, bazarda ciddi dəyişiklik gözlənilmir. Həm mebel bazarına, həm əmlak sektoruna taxtanın qiymətinin dəyişməsinin ciddi təsiri olmayacaq”.
Bizi sosial şəbəkələrdən izləyin!!