Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin qlobal tədarükün böyük bir hissəsini təşkil edən nadir torpaq elementlərinin və onların istehsal texnologiyalarının ixracına yeni məhdudiyyətlər elan edib.
Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, nadir torpaq elementlərinin çıxarılması, əridilməsi, ayrılması, maqnit materiallarının istehsalı, həmçinin nadir torpaq elementlərinin ikinci mənbə kimi istifadəsi və təkrar emalı ilə əlaqəli texnologiyaların ixracına məhdudiyyətlər tətbiq edilib.
Nadir torpaq elementlərinin emal olunduğu müəssisələrdə yığım xətlərinin qurulması, təmir, nasazlıqların aradan qaldırılması, texniki xidmət və yeniləmə əməliyyatları ilə bağlı texnologiyaların ötürülməsi də nəzarət altına alınıb.
Bundan əlavə, Çində istehsal olunan nadir torpaq elementlərini ixrac edən xarici şirkətlərin, həm mülki, həm də hərbi ikili istifadəyə malik məhsulların ixracı üçün Ticarət Nazirliyindən lisenziya alması məcburi edilib.
Açıqlamada qeyd olunub ki, bu məhdudiyyətlər elan olunduğu tarixdən etibarən qüvvəyə minib.
Digər tərəfdən, xaricdə istehsal edilən, lakin Çindən idxal olunmuş məhsul və texnologiyalardan istifadə edən istehsalçılar da eyni məhdudiyyətlərə tabe tutulacaq və bu məhdudiyyətlər həmin şirkətlər üçün 1 dekabr tarixindən etibarən qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!