"Standard Leasing" MMC "Bank Standard" QSC-nin lisenziyasının ləğv edilməsindən əziyyət çəkir. Bu barədə Şirkətin maliyyə və marketinq şöbəsinin rəisi, həm də baş mühasibi Nizami Qasımov məlumat verib.
"Şirkətimiz fəaliyyət göstərmək üçün maliyyə vəsaitini "Bank Standard"dan cəlb edirdi. Amma son aylar Bankın maliyyə vəziyyəti pisləşdi və lisenziyası ləğv olundu. Buna görə də, lizinqin maliyyələşdirilməsi ilə bağlı fasilə yarandı və hazırda "Standard Leasing" faktiki fəaliyyət göstərmir", - deyə N.Qasımov qeyd edib.
Baş mühasib şirkətin fəaliyyətinin bərpa olunması üçün atılacaq addımların hələ məlum olmadığını deyib. O, "Standard Leasing"in digər lizinq şirkətləri kimi istiqraz buraxmaq yolu ilə vəsait cəlb etmək planının olmadığını da bildirib.
Xatırladaq ki, "Standard Leasing" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,015 mln. manatdır. Şirkətin təsisçiləri 99,998%-lik payla "AB Standard" QSC-yə daxil olan "Standard Kapital" MMC (qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurub) və 0,002%-lik payla adı çəkilən holdinqdir.
Qeyd edək ki, bu şirkətlər qrupunun səhmləri 100% sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.
Mənbə: Report.az