Müəllif: Mehin Qasımova, Banco.az
Fransanın Kan-sür-Mer şəhərində yerləşən Renoir Muzeyinə oğrular daxil olaraq ümumi dəyəri təxminən 9 milyon avro olan iki rəsm əsərini oğurlayıblar.
Banco.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Muzeyin siqnalizasiyası saat 05:48-də işə düşüb və polis cəmi beş dəqiqə sonra, saat 05:53-də hadisə yerinə çatıb. Təhlükəsizlik kameralarının görüntüləri əsasında iki şübhəlinin müəyyən edildiyi və onların axtarışına başlanıldığı bildirilib.
Kan-sür-Mer şəhərinin meri Brayan Masson oğurlanan iki əsərin “Madam Kolonna Romano” və “Quyuda gənc qadın” olduğunu açıqlayıb. Daha iki rəsm əsərinin isə muzeyin bağçasında qaldığı müəyyən edilib.
Yerli medianın məlumatına görə, oğrular muzeyin ərazisinə məftil hasarı kəsərək daxil olublar. İlkin ehtimallara görə, cinayətkarlar muzey əməkdaşlarının növbə dəyişməsindən istifadə edərək oğurluğu əvvəlcədən planlaşdırıblar.
Hadisə Fransada son dövrlərdə muzeylərə qarşı törədilən oğurluqlar silsiləsinin davamı kimi qiymətləndirilir. Polis oğurlanan əsərlərin tapılması və şübhəlilərin saxlanılması üçün araşdırmanı davam etdirir.
