Hollandiya 86 ton qızılı Şimali Amerikadan Londona köçürdü – Səbəb | Banco.az

Hollandiya 86 ton qızılı Şimali Amerikadan Londona köçürdü – Səbəb

Müəllif: Mehin Qasımova, Banco.az

Qızıl ehtiyatları mərkəzi banklar üçün yalnız investisiya vəsaiti deyil, həm də böhran dövründə maliyyə təhlükəsizliyinin mühüm elementlərindən biri hesab olunur. Buna görə də ölkələrin qızıl ehtiyatlarını harada saxlaması son illərdə daha çox əhəmiyyət qazanır.

Hollandiya Mərkəzi Bankı (DNB) artan geosiyasi qeyri-sabitlik fonunda qızıl ehtiyatlarının bir hissəsinin saxlanma yerini dəyişib. Bank 2026-cı ilin mart-avqust ayları ərzində ABŞ və Kanadada saxlanılan təxminən 86 ton qızılı Londona köçürüb. DNB bu addımın əsas məqsədinin qızıl ehtiyatlarının böhran vəziyyətində daha sürətli və asan istifadə olunmasını təmin etmək olduğunu açıqlayıb.

DNB-nin məlumatına görə, Hollandiya ümumilikdə 612,4 ton qızıl ehtiyatına malikdir. Bu ehtiyatların ilin sonuna olan göstəricilərlə dəyəri təxminən 72,2 milyard avro təşkil edib.

Köçürmədən əvvəl Hollandiya qızılının 31,3 faizi Nyu-Yorkda, 19,7 faizi isə Ottavada saxlanılırdı. Yeni bölgüdən sonra isə həm ABŞ, həm də Kanadadakı pay 18,5 faizə enib. Londonda saxlanılan qızılın payı isə 18,1 faizdən 32,1 faizə yüksəlib. Niderlandın Zeist şəhərində saxlanılan qızılın payı isə 30,8 faiz səviyyəsində qalıb.

DNB bildirib ki, qızıl ehtiyatlarının Londonda saxlanılması onların beynəlxalq bazarda daha asan alınıb-satılmasına imkan verir. London fiziki qızıl ticarətinin əsas mərkəzlərindən biri olduğuna görə, burada saxlanılan ehtiyatlar böhran zamanı daha operativ şəkildə istifadəyə verilə bilər.

Maraqlıdır ki, 86 tonluq köçürmənin hamısı fiziki şəkildə daşınmayıb. Prosesin böyük hissəsi Nyu-Yorkda təxminən 59 ton qızılın satılması və eyni miqdarda qızılın Londonda alınması yolu ilə həyata keçirilib. Bundan başqa, 27 tondan çox qızıl fiziki olaraq ABŞ və Kanadadan Hollandiyadakı Zeist mərkəzinə, eyni həcmdə beynəlxalq standartlara cavab verən qızıl isə Zeistdən Londona köçürülüb.

DNB-nin prezidenti Olaf Sleijenin sözlərinə görə, bu dəyişiklik qızıl ehtiyatlarının böhran zamanı istifadəyə hazırlığını artırır. Bank qızıl ehtiyatlarından istifadə etməyə ehtiyac yaranacağını gözləmir, lakin geosiyasi risklərin artdığı bir dövrdə mümkün böhranlara əvvəlcədən hazır olmağı vacib hesab edir.

Hollandiya Mərkəzi Bankı qızıl ehtiyatlarının müxtəlif ölkələrdə saxlanılmasını uzun müddətdir risklərin bölüşdürülməsi strategiyasının bir hissəsi kimi tətbiq edir. Son dəyişiklikdən sonra ehtiyatların ABŞ, Kanada, Böyük Britaniya və Hollandiya arasında daha balanslı bölüşdürülməsi təmin edilib.

Hollandiyanın bu qərarı Avropa ölkələrinin xaricdə saxlanılan qızıl ehtiyatlarına yanaşmasının dəyişdiyini də göstərir. Geosiyasi gərginliklərin və mümkün böhran risklərinin artması fonunda mərkəzi banklar qızılın yalnız hansı həcmdə saxlanılmasına deyil, həm də böhran zamanı həmin ehtiyatlara nə qədər sürətlə çıxış əldə edə biləcəklərinə diqqət yetirirlər.