Müəllif: Mehin Qasımova, Banco.az
Çinin xarici ticarət göstəriciləri avqust ayında da yüksək artım nümayiş etdirib. Yaxın Şərqdə davam edən münaqişənin qlobal iqtisadiyyata təsirlərinə baxmayaraq, ölkənin ixracı güclü tempini qoruyub.
Banco.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, 2026-cı ilin avqust ayında ölkənin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 25 faiz artaraq 401,4 milyard dollara çatıb. İdxal isə daha yüksək artım göstərərək 28,2 faiz artıb və 282,3 milyard dollar təşkil edib.
Beləliklə, Çinin xarici ticarət profisiti avqust ayında 119 milyard dollara yüksəlib. Bu göstərici iyul ayında qeydə alınan 112,5 milyard dollarlıq profisitdən də yüksəkdir. Bununla da Çinin aylıq ticarət profisiti ardıcıl dördüncü aydır ki, 100 milyard dolları ötür.
Avqust ayında Çinin əsas ticarət tərəfdaşları ilə ixracında da ciddi artım qeydə alınıb.
Çinin ABŞ-a ixracı illik müqayisədə 34,4 faiz, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) ixracı 30,2 faiz, Avropa İttifaqı ölkələrinə ixracı isə 6,6 faiz artıb.
