Son günlər mediada, sosial şəbəkələrdə “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə edilən dəyişiklik barədə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə vergi uçotu olub mülki hüquqi müqavilələrlə çalışan şəxslərdən məcburi dövlət sosial sığorta haqqının hansı qaydada tutulacağı əsas müzakirə mövzusudur. Hüquqsünas Sirac Piriyev bununla bağlı məsələni şərh edib.
Müzakirələrə səbəb “Sosial sığorta haqqında” Qanunun yeni redaksiyada verilən 14.5.2-ci maddəsindən əvvəlki redaksiyada olan “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla” ifadəsinin əks olunmamasıdır ki, bəzi ekspertlər bu halda Qanunun 14.5.1-ci maddəsi ilə 14.5.2-ci maddəsi arasında uyğunsuzluq olduğunu bildirir, ümumi gəlirdən məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin həm də vergi uçotu olan iş görən, xidmət göstərən şəxslərə aid edilməsi ehtimalının olduğunu bildirirlər.
Əslində isə məsələnin izahı kifayət qədər sadədir və Qanunun 14.5.2-ci maddəsində “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla” ifadəsinin əks olunmaması vergi uçotu olub mülki hüquqi müqavilələrlə çalışan şəxslərin sosial sığorta öhdəliklərində heç bir fərqlilik yaratmır.
Belə ki, 01.01.2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə edilən 1.4-cü maddəyə görə vergi qanunvericiliyinin ümumi müddəaları məcburi dövlət sosial sığorta haqlarına münasibətdə də tətbiq olunacaqdır. Bu səbəbdən “Sosial sığorta haqqında” Qanunda edilən dəyişikliklər də vergi qanunvericiliyinin təbiətinə uyğun hazırlanıb.
Məsələnin mahiyyətinə gəldikdə isə, vergi uçotu olan şəxs fərdi sahibkar kimi göstərdiyi fəaliyyət üzrə öz vergi və məcburi dövlət sosial sığorta haqqına görə özü məsuliyyət daşıyır (VM 16.1.1).
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə diqqət etdikdə isə həmin şəxslərin sosial sığorta ödənişlərinin hansı formada tutulması aydın şəkildə əksini tapıb.
Qanunun 14.5.2-ci maddəsində isə “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla” ifadəsi əks olunmasa belə, bu müddəa yalnız vergi uçotu olmayan mülki hüquqi müqavilələrlə iş görən, xidmət göstərən şəxslərə aid edilməlidir.
Belə ki, həmin normanın mahiyyətinə görə, məcburi dövlət sosial sığorta haqqı mülki hüquqi müqavilələrlə işləyənlərin gəlirlərindən ödəmə mənbəyində sifarişçi tərəfindən tutulur.
Göründüyü kimi, vergi uçotu olan fiziki şəxslər, yəni fərdi sahibkar statusu ilə mülki hüquqi müqavilələrlə çalışanlar özləri sosial sığorta ödənişlərinə görə məsuliyyət daşıdığı üçün onların əldə edəcəyi gəlirdən ödəmə mənbəyində məcburi dövlət sığorta haqqı tutulmur.
Fed.az