Avropa Birliyi avqustun 1-dən etibarən Rusiyaya sektorial sanksiya, yəni bank sektoruna sanksiya tətbiq etdi. Ölkənin 5 iri bankı - Sberbank, VTB (Внешторгбанк), Qazprombank, VEB (Внешэкономбанк) və Rosselxozbank bu sanksiyaların qurbanına çevrildi. Bu gündən başlayaraq adı çəkilən bankların Avropa bazarına çıxışı məhdudlaşdırılıb. Sanksiyanın nəticəsi olaraq, bu bankların və onların törəmə qurumları AB-dən 90 gündən çox olan müddətə borc və səhmdar kapitalı cəlb edə bilməyəcəklər.
Rusiyaya, o cümlədən bank sektoruna tətbiq edilən sanksiya Azərbaycanda öz təsirini ilk növbədə Neft Fondunun timsalında hiss edəcək. Ona görə ki, Neft Fondu VTB bankın səhmdarlarından biridir. Fond ötən il 500 milyon dollar müqabilində Bankda təxminən 3%-lik paya malik olmuşdu. Baş verən hadisələr fonunda VTB bankının səhmlərinin ucuzlaşması və bununla da Neft Fondunun zərərə düşəcəyi istisna deyil. Digər zərbə Fondun aktivləri ilə bağlıdır. Fondun aktivlərində rus rublunun payı 1,3%-dir. Yəni 16,3 milyard rubl həcmində vəsait ehtiyatlara daxil edilib. Rubl isə son aylar kəskin ucuzlaşır. 2014-cü ildə valyuta rəsmi olaraq 9%-dən çox ucuzlaşıb. Sanksiyaların təsiri olaraq rublun ucuzlaşması davam edəcək.
Deməli, faktiki olaraq Fondun 1 milyard dollar həcmində vəsaiti sanksiyaların təsiri nəticəsində dəyərini əhəmiyyətli dərəcədə itirmək təhlükəsi ilə üzləşib.
Rusiyada investisiya mühitinin pisləşməsi güman ki, daşınmaz əmlak bazarına da zərbə vuracaq. Bu zərbə nəticəsində sözsüz ki, Fondun bir neçə il öncə Tverskaya, 16 ünvanında yerləşən və 133 milyon dollara aldığı biznes mərkəzini də vuracaq.
Rusiyaya tətbiq edilən sanksiyalar, o cümlədən sonuncu sektorial sanksiyalar təəssüf ki, Azərbaycana təsirsiz ötüşməyəcək. Sanksiyalar sərtləşdikcə onun mənfi təsiri Azərbaycanda daha çox hiss olunacaq.