Samir Əliyev: Bugünkü hərrac banklara 975 min manat qazandıracaq | Banco.az

Samir Əliyev: Bugünkü hərrac banklara 975 min manat qazandıracaq

“Bu gün ilin 24-cü depozit hərracı keçirilib. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də, illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb”.

İqtisadçı-ekspert Samir Əliyev depozit hərraclarının gedişi və nəticələrini şərh edib. 

Bildirib ki, bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq: 

“Ümumilikdə isə Mərkəzi Bank 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.

Mart ayının ortalarından başlayaraq keçirilən 12 hərracın hamısında Mərkəzi Bankın depozit cəlbində tələb təklifi üstələyib. Bu gün isə tələb rekord həcmdə olub. Yəni, ölkənin əmanət bazarının 7%-i səviyyəsində”.

Hərraca marağın artmasının səbəbi nədir? İqtisadçı ilk olaraq bunu manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması ilə izah edib: 

“Bu məqam bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib. İkinci səbəb depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da, sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. 

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılmaması təhlükəsi yoxdur. Nəhayət, sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur”.

Ekspert bankların depozit hərracında iştirakının məhdudlaşdırılmasına da toxunub: 

“Hərracda iştirak edən bankların adları, təəssüf ki, açıqlanmır. Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. 

Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir. Bir bank 14-16%-lə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir”.

S.Əliyevin fikrincə, Mərkəzi Bankın bu addımı manata güvənlik verməyə, daha doğrusu, banklardakı pulun valyuta bazarına üz tutmamasına hədəflənib:

“Nəticə var, manat sabitləşib. Amma bu addım müvəqqətidir. Mərkəzi Bank aşağı faizlə mərkəzləşdirilmiş kredit vermək əvəzinə banklardakı manat kütləsini geri yığır. Ölkə iqtisadiyyatı, o cümlədən sahibkarlar isə hazırda kreditsiz qalıb”.

Mənbə: Oxu.az