Rəşt-Astara dəmir yolunun iqtisadi perspektivləri: 2023-cü ilin sonunda saziş imzalanacaq | Banco.az

Rəşt-Astara dəmir yolunun iqtisadi perspektivləri: 2023-cü ilin sonunda saziş imzalanacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna qədər Rəşt-Astara dəmir yolunun hissəsinin tikintisinə dair saziş imzalamağı planlaşdırır.

Banco.az-ın məlumatına görə,  A. Belousov qeyd edib ki, 2028-ci ildən tam istifadəyə verilməsi nəzərdə tutulan bu marşrut üzrə yükdaşımalarda  başlanğıc üçün ildə 15 milyon ton yük daşınması nəzərdə tutulub.

Bir neçə gün bundan əvvəl  İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı dövlət şirkətinin icraçı direktoru Xeyrulla Xademi bildirmişdi ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırıldığı barədə ilin sonuna kimi digər məsələlərə dair də razılıq əldə olunacaq.

Xadəmi açıqlamasına əlavə olaraq vurğulamışdı ki, yolun tikintisinin maliyyələşmə qrafiki, yük daşıma imkanının artırılması, stansiyaların inşası, istismarın qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Bu nəqliyyat dəhlizinin iqtisadi perspektivləri barədə Banco.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, Rəşt-Astara dəmir yolu xətti şimal- cənub nəqliyyat dəhlizinin genişləndirilməsi baxımından vacibdir:

“ Şimal - Cənub Nəqliyyat Dəhlizi Azərbaycan, İran və Rusiya arasında dəmir yolu xəttinin birləşdirilməsi, eyni zamanda dəmir yolu xəttinin yaradılmasını özündə ehtiva edir. Bu baxımdan ölkələr arasında əməkdaşlığın güclənməsi nəticə etibarı ilə bölgədə iqtisadi artıma dəstəkdir.

Söhbət həm də, Rusiyadan, eləcə də digər şimal ölkələrindən həmin dəmiryolu xətti vasitəsilə məhz Hindistana qədər yüklərin daşınmasından gedir. Ona görə bu istiqamətdə əməkdaşlıq və dəmiryol xəttinin yenidən qurulması Azərbaycan üçün prioritet hesab olunur. Azərbaycan "Şimal - Cənub Nəqliyyat Dəhlizi"nin genişləndirilməsində maraqlı ölkədir və  bu istiqamətdə dəstəyini nümayiş etdirir”.

Ən sərfəli kredit üçün müraciət et

Deputat qeyd etdi ki, bu istiqamətdə aparılan işlər bütövlükdə Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına və Azərbaycan büdcəsinə qeyri-neft sektoruna daxilolmaların artmasına gətirib çıxara bilər:

“Bu baxımdan da, Astara-Rəşt dəmir yolu xəttinin genişləndirilməsi xüsusi əhəmiyyətli hadisədir. Azərbaycanın dövlət gəlirləri, gələcək qeyri-neft sektoruna daxilolmaların şaxələndirilməsi və daha çox vəsaitin cəlb edilməsi baxımından vacib hesab olunur”,- sitatın sonu.

Xatırladaq ki,  Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə ölkə Prezidentinin 2015-ci il dekabrın 7-də imzaladığı "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamından və 2016-cı il fevralın 23-də İrana səfəri zamanı müqavilələrin imzalanmasından sonra başlanılıb.

Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirilməsi nəticəsində transxəzər marşrutunun iqtisadi səmərəliliyi artacaq.

İqtisadçıların fikrincə bu layihə təkcə Rusiya və İran üçün deyil, həm də dünya ticarətinin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika baxımından bu, Süveyş kanalı və Qara dəniz boğazlarına əhəmiyyətli əlavədir.

2023-cü ilin mart ayında Rusiya Dəmir Yolları rəhbərinin birinci müavini Sergey Pavlov bildirmişdi ki, tikintinin smeta dəyəri 1,6 milyard dollar qiymətləndirilir. İranın layihə qərarlarına əsasən, Rəşt-Astara hissəsinin tikintisi dörd il çəkəcək. Bununla belə, Pavlov müddətin azaldılmasını istisna etməyib.

Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində, ümumilikdə, 16 km-dən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram