Bakıda "Azərbaycanda iqtisadi şaxələndirmədə özəl sektorun rolu" mövzusunda forum keçirilib. Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ölkəmiz hazırda iqtisadi inkişafın yeni mərhələsindədir və buna uyğun olaraq yeni çağırışlar meydana gəlib. Bu çağırışlar müasir mərhələdə bir sıra məqamların nəzərə alınmasını zərurətə çevirib. Azərbaycan üçün özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Ə.Əhmədov hər il əmək bazarına 100 mindən artıq işçi qüvvəsi daxil olduğunu, yaxın illərdə bu rəqəmin 120 minə çatacağını deyib.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2006-2014-cü illərdə ölkədə aparılan infrastruktur quruculuğuna Dünya Bankının yaxından dəstək verdiyini xatırladaraq bildirib ki, həmin dövrdə nəqliyyat, enerji təchizatı, kənd təsərrüfatının inkişafı, ekoloji layihələrə daha çox diqqət yetirilib.
Özəl sektorda vergi yükünün azaldılması üzrə əsaslı tədbirlər görüldüyünü deyən S.Həsənova bunun davamı kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını, strateji yol xəritələrinin qəbul edildiyini, özəl sektor üçün vacib olan maliyyə sabitliyinin bərqərar olması məqsədilə Maliyyə Sabitliyi Şurasının fəaliyyətə başladığını qeyd edib.
Forumda çıxış edən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda müstəqilliyin ilk illəri ilə müqayisədə iqtisadi sferada xeyli nailiyyətlərin əldə edildiyini vurğulayıb: "Dünya Bankı bu işlərdə Azərbaycana kömək etməkdən məmnunluq hissi keçirir. Qarşımızda uzun bir yol var. İqtisadiyyatın şaxələndirilməsinə həsr olunmuş bu forum başladığımız yolun bir hissəsidir. Məqsədimiz odur ki, əldə etdiyimiz nailiyyətləri əldən verməyək, daha da möhkəmləndirək, gücləndirək, iqtisadiyyatın, sosial rifahın artımını sürətləndirək, eyni zamanda ölkədə yoxsulluğu aradan qaldıraq və hamı üçün rifahı və firavanlığı təmin edək".
Rəqəmsal ödənişlərin artırılması hökumətə "kölgə iqtisadiyyatı"nın
həcmini azaltmaqla fiskal dayanıqlığı artırmağa kömək edir
M.Tembon qeyd edib ki, məşğulluğun təmin edilməsində özəl sektorun inkişafı başlıca amillərdən biridir. "Müzakirələrin nəticəsində bu istiqamətdə qəbul edəcəyimiz oyun qaydalarına hamımız əməl edəcəyimizə əmin olmaq istəyirik. Kənd və şəhər yerlərində əhalinin dayanıqlı artımdan bəhrələnəcəyini gözləyirik".
Dünya Bankının aparıcı eksperti Volfqanq Fenqler makroiqtsadiyyatın artım dinamikası haqqında təqdimatla çıxış edərək bildirib ki, özəl sektorda böyük fürsətlər var və onlar Azərbaycanın dünyaya inteqrasiyasını dəstəkləyə bilər. Ekspert uğurlu islahatlardan söz açaraq bəzi ölkələrlə müqayisədə Azərbaycanın inkişaf tendensiyalarının davamlı nümayiş etdirildiyini vurğulayıb.
Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin rəhbəri Kəmalə Qurbanova öz təqdimatında "kölgə iqtisadiyyatı" ilə mübarizə məqsədilə rəqəmsal ödənişlərin artırılması istiqamətində təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və bunun biznesə təsiri barədə danışıb. Qeyd edib ki, nağd iqtisadiyyatın yüksək səviyyədə olması ölkənin inkişafı üçün əsas zəmin olan investisiya imkanlarının aşağı düşməsinə səbəb olub. Bu amil bank sektorunun maliyyə vasitəçiliyini daraldıb, vergidən yayınma, subyektlər arasında dövriyyələrin qeyri-şəffaflığı kimi problemlərə səbəb olub. Qeyd edilib ki, rəqəmsal ödənişlərin artırılması hökumətə "kölgə iqtisadiyyatı"nın həcmini azaltmaqla fiskal dayanıqlığı artırmağa kömək edir. Təqdimatda rəqəmsal ödənişlərin artırılması ilə bağlı Dövlət Proqramının prioritetləri açıqlanıb.
Dinamik və çevik özəl sektorun iqtisadi artım üçün vacibliyini qeyd edən Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova isə qeyri-neft sektorunda özəl investisiyaların aşağı səviyyədə qaldığını, bununla belə hökumətin iqtisadi şaxələnməyə meyilli olduğunu vurğulayıb: "Elektron hökumət xidmətlərinin genişləndirilməsi, icazə və lisenziyalaşma sahəsində təkmilləşdirmələr, davam edən vergi, gömrük, əmlak sahəsində islahatlar, tikintilərə icazələrin sadələşdirilməsi, kommunal xidmətlərə çıxış, investisiyanın stimullaşdırılması və ixracın təşviqi, vahid qida təhlükəsizliyi institutunun yaradılması üzrə aparılan tədbirlər biznes mühitinin yaxşılaşması yolunda əhəmiyyətli addımlardır".
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov yeni qurumun yaradılması və bu sahənin inkişafına yönəldilmiş qanunvericilik bazasının təkmilləşdirilməsi barədə iştirakçılara məlumat verib.
Kiçik və orta sahibkarların dəstəklənməsi vergi siyasətinin başlıca prioritetlərindəndir
Forumun panel iclasında çıxış edən vergilər nazirinin müşaviri Xəqani Abdullayev iqtisadiyyatın şəxələndirilməsinin vacib bir mexanizm olduğunu vurğulayıb: "Ona görə biznes üçün rahat olan vergi güzəştlərinin tətbiqi yolu ilə dəstəklənməsi vacib məqamlardan biridir. Bu məsələlərə nail olmaq, eləcə də vergi sistemimizi beynəlxalq standartlara uyğunlaşdırmaq üçün Vergilər Nazirliyi tərəfindən bir sıra vacib islahatlar həyata keçirilib. Əsas məqsəd odur ki, şəffaflıq təmin edilsin, vergilərin ödənilməsi prosedurları sadələşdirilsin, könüllü vergi ödənişləri gücləndirilsin". X.Abdullayev Azərbaycanda vergi islahatlarının bərabərlilik, ədalətlilik, proqnozlaşdırılan və etibarlılıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə yeni dəyişikliklər 5 əsas bloka bölünür: kiçik və orta biznesin dəstəklənməsi, "kölgə iqtisadiyyatı"nın azaldılması və vergidən yayınmanın qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının gücləndirilməsi və rəqəmsallaşdırılması, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin artırılması. Vurğulanıb ki, kiçik və orta sahibkarların dəstəklənməsi vergi siyasətinin başlıca prioritetlərindəndir. Sadələşdirilmiş verginin dərəcələrinin təkmilləşdirilməsi, gəlir vergisinin azaldılması, mikro, kiçik və orta sahibkarlığı təmsil edən klaster şirkətləri üçün müəyyən güzəştlərin tətbiq olunması biznes subyektlərinin "kölgə iqtisadiyyatı"ndan çıxması üçün stimul yaradır.
Sonda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Niyazi Səfərov və "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin təqdimatları dinlənilib.