“OPEC+" sazişinin uzadılması neftin qiymətində müsbət dinamikanı təmin edəcək | Banco.az

“OPEC+" sazişinin uzadılması neftin qiymətində müsbət dinamikanı təmin edəcək

"Neft hasilatının azaldılması üzrə "OPEC+" sazişinin uzadılmasına dair yeni qərar neft qiymətlərində müşahidə olunan müsbət dinamikanın davamlılığını təmin edəcək".

Bunu “OPEC plus” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, razılaşma “qara qızıl”ın qiymətlərini daha da sabitləşdirməyə kömək olacaq: “Koronavirus pandemyası dünya iqtisadiyyatında bir çox fəsadlar törətdi. Neft sektoru da bu təlatümlərdən əhəmiyyətli pay aldı. Qiymətlər tarixdə ilk dəfə olaraq mənfi həddə düşdü. Belə bir şəraitdə hasilatın tənzimlənməsi heç zaman olmadığı qədər əhəmiyyət əldə edirdi. Bu funksiyanı "OPEC+" razılaşması üzərinə götürdü və qısa zaman sonra bazarda müəyyən dərəcədə sabitlik bərqərar oldu”.

İqtisad Məktəbinin direktoru diqqətə çatdırıb ki, əlləlxüsus büdcə gəlirlərinin əhəmiyyətli hissəsi məhz neft sektoru hesabına formalaşan ölkələr üçün neftin qiymətlərindəki sabitlik mühüm aspektə malikdir.

Mənsur Bərxudarov

“Bildiyiniz kimi, ölkəmiz bu yaxınlarda öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Bununla da dövlətimizin hələ bir neçə il öncə bəyan etdiyi böyük qayıdış planının miqyası əhəmiyyətli dərəcədə artdı. Ən yüksək dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, hava limanların tikilməsi, bütün bunların həm də maksimal dərəcə tez reallaşdırılması əhəmiyyətli investisiya qoyuluşlarını tələb edir. Ona görə ölkəmizin bu sazişin tərkib hissəsi olması gəlirlərimizin davamlılığı baxımından çox vacibdir”, - o deyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln 125 min barrel, martda isə 7 mln 50 min barrel azaldılmasına qərar verilib.

Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln barrel təşkil edəcək.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et