Qiymətli kağızların icarəyə verilməsi nədir? – İqtisadçı açıqladı | Banco.az

Qiymətli kağızların icarəyə verilməsi nədir? – İqtisadçı açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bank valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində 23 iyul 2026-cı il tarixindən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.

Bəs bu nə deməkdir?

İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, qiymətli kağızların icarəyə veriməsi Azərbaycan bazarı üçün yeni təcrübə olsa da, dünyada uzun müddətdir geniş şəkildə istifadə olunan maliyyə alətlərindən biridir:

"Burada əsas məqsəd bazarda mövcud olan tələb-təklif meyllərindən istifadə etməklə tərəfin öz aktivlərinin strukturuna daxil olan qiymətli kağızlardan istifadə edərək müəyyən gəlir əldə etmək cəhdindən qaynaqlanır. Yəni bu istiqamət aktivlərin daha səmərəli şəkildə idarə edilməsi üçün müəyyən imkan formalaşdırır.

Bu kontekstdə yanaşsaq, Azərbaycan Mərkəzi Bankının da bu bazarda iştirakçılığı və belə bir təşəbbüs göstərməsi müsbət nəticələri ilə xarakterizə oluna bilər və doğru strategiyadır. Təbii ki, xüsusilə uzunmüddətli qiymətli kağızların passiv aktiv kimi saxlanması öz-özlüyündə müəyyən gəlir, faiz gəliri gətirsə də, əgər imkanlar varsa, bazardakı mövcud meyllərdən istifadə etməklə bu aktivləri qiymətləndirərək Mərkəzi Bank öz ehtiyatlarının həcmini artıra bilər".

R. Həsənov qeyd edib ki, proses əslində çox sadədir: "Mərkəzi Bank hansısa dövlətlərin istiqrazlarına investisiya edir. Məsələn, ABŞ Federal Hökumətinin 10 illik qiymətli kağızlarına investisiya edib. Bu, onun aktivlərinin strukturuna daxildir. Bunu 10 il ərzində passiv şəkildə saxlamaqdansa, qısamüddətli dövrlərdə bazarda olan tələbi, şərtləri və riskləri nəzərə almaqla icarəyə verə bilir. Hər hansı bir şirkətin isə bunu icarəyə götürməkdə məqsədi qısamüddətli əməliyyatlar həyata keçirməklə qiymətli kağızdan gəlir əldə etmək ola bilər. Yaxud bəzi hallarda şirkətin qiymətli kağız üzrə geri qaytarma öhdəliyi vardır, lakin həmin dövrdə likvidlik səviyyəsi aşağıdır və vəsaitləri qiymətli kağıza tam investisiya etməyi nəzərdə tutmur. Bu baxımdan da həmin qiymətli kağızı icarəyə götürmək strategiyasını izləyir. Beləliklə, bizim Mərkəzi Bank da daxil olmaqla, qiymətli kağızlar bazarında təklif edən tərəflər vardır və bu tərəflərdən qiymətli kağızı icarəyə götürüb istifadə edir və zamanı gəldikdə onu qaytarır.

Yəni, proses bundan ibarətdir. Burada digər qiymətli kağızların, səhmlərin və yaxud digər aktivlərin, hətta malların və xidmətlərin bu və ya digər şəkildə icarəyə verilməsinə bənzər bir prosesdir". 

İqtisadçının sözlərinə görə, məlum olan bundan ibarətdir ki, Mərkəzi Bankın aktivlərində təxminən 1 milyard ABŞ dolları ekvivalentinə bərabər qiymətli kağızlar vardır: "İcarəyəvermə gəlirləri isə qiymətli kağızın qıtlığı, bazarda tələb səviyyəsi, risk səviyyəsi və sair faktorlar nəzərə alınmaqla 0,1%-dən 5%-ə qədər dəyişir. Təbii ki, bəzi hallarda bu göstərici 30%-ə qədər də yüksələ bilər. Amma adətən 0,1%-dən 5%-ə qədər dəyişir.

Bu faizi nəzərə alsaq, müvafiq alətdən istifadə etməklə Mərkəzi Bank özünün qiymətli kağızlar üzrə aktivlərindən illik təxminən 1-50 milyon ABŞ dolları ekvivalentində əlavə gəlir əldə edə bilər. Bir daha bildirmək istəyirəm ki, bu kimi alətlərin Azərbaycan bazarına gətirilməsi və Mərkəzi Bank və maliyyə institutları tərəfindən istifadə olunması, düşünürəm ki, çox məqsədəuyğundur. Növbəti dövrdə, əslində, müvafiq istiqamətdə strategiyanın fəaliyyət dairəsinin daha da genişləndirilməsinə ehtiyac var".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram