Bakıda köhnəlmiş və qəzalı binaların yenilənməsi təkcə infrastrukturun müasirləşdirilməsi deyil, eyni zamanda sosial ədalətin təmin olunması baxımından da mühüm istiqamətdir.
Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov “Mənzil inkişafında yeni gözləntilər” konfransında deyib.
O bildirib ki, bu prosesin uğurla həyata keçirilməsi ədalətli qiymətləndirmə və şəffaf kompensasiya mexanizmlərinin tətbiqindən keçir: “Əsas prinsip mülkiyyət hüququnun qorunmasıdır. Qiymətləndiricilər bazar dəyəri əsasında obyektiv yanaşma ilə kritik rol oynayır və dövlətlə vətəndaş arasında körpü funksiyasını yerinə yetirirlər. Onların fəaliyyətində müasir metodologiyalardan, gəlir və xərclər yanaşmasından istifadə olunur. Bu isə nəticələrin əsaslandırılmasına və hər kəsin başa düşəcəyi formada təqdim olunmasına şərait yaradır”.
Onun sözlərinə görə, qiymətləndirmə təkcə riyazi nəticə deyil, sosial razılığın və ictimai etimadın təməlidir: “Bəzən kompensasiya yalnız məzmun baxımından deyil, məbləğ baxımından da mübahisə doğurur. Məsələn, bəzi hallarda mülkiyyət sahiblərinə əvəz olaraq dəyərin 25-30 %-i ödənilir. Bu isə bazar dəyərinin pozulması deməkdir. Qiymətləndiricilər bu cür hallarda əsaslandırma funksiyasını yerinə yetirməlidir”.
Palata rəhbəri vurğulayıb ki, bu prosesdə 3 əsas tərəf var - mülkiyyətçilər, investorlar və dövlət: “Qiymətləndiricilər bu maraqlar arasında balans yaratmalıdır. Mülkiyyətçilər üçün ədalətli kompensasiya, investorlar üçün iqtisadi effektivlik, dövlət üçün isə sosial sabitlik və şəhər infrastrukturunun yenilənməsi prioritetdir. Qiymətləndiricilər neytral tərəf kimi fəaliyyət göstərməli, etik kodeksə və peşəkar müstəqilliyə sadiq qalmalıdırlar”.
report