Müəllif:Mehin Qasımova,Banco.az
Bolqarıstanda avroya keçid prosesi çərçivəsində mühüm mərhələ yaşanır.
Banco.az xəbər verir ki, vətəndaşlar banklarda və poçt şöbələrində Bolqar levlərini heç bir komissiya haqqı ödəmədən avroya dəyişə bilərlər.
30 iyundan sonra da kommersiya banklarında və müəyyən edilmiş poçt şöbələrində levin avroya konvertasiyası davam etdiriləcək. Lakin həmin əməliyyatlar üçün artıq xidmət haqqı tətbiq oluna bilər.
Valyuta mübadiləsi Bolqarıstanın avroya keçidi çərçivəsində müəyyən edilmiş sabit məzənnə ilə həyata keçirilir. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,95583 Bolqar levinə bərabərdir.
Eyni zamanda, Bolqarıstan Mərkəzi Bankı lev əskinaslarını və sikkələrini heç bir vaxt məhdudiyyəti olmadan, ödənişsiz şəkildə avroya dəyişməyə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Bolqarıstanın avroya keçidi ölkənin iqtisadi inteqrasiyasında mühüm addım hesab olunur. Bu proses Avropa İttifaqının vahid valyuta sisteminə uyğunlaşmanı sürətləndirməyi, maliyyə əməliyyatlarını asanlaşdırmağı və iqtisadi əlaqələri daha da gücləndirməyi hədəfləyir.
Mütəxəssislərin fikrincə, avronun tətbiqi bank sektoru, ticarət və gündəlik maliyyə əməliyyatlarında əhəmiyyətli dəyişikliklər yaradacaq. Buna görə də Bolqarıstan Mərkəzi Bankı vətəndaşların keçid dövründə çətinlik yaşamaması üçün levlərin qeyri-müəyyən müddət ərzində ödənişsiz şəkildə avroya dəyişdirilməsi imkanını saxlayır.
