Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyaları bölünəcək | Banco.az

Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyaları bölünəcək

“Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur”.

APA-nın məlumatına görə, bunu “Azərtac”a müsahibəsində Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
 
Azərbaycanda yaradılan yeni qurum - Publik hüquqi şəxsin funksiyalarının Mərkəzi Bankın funksiyaları üst-üstə düşüb-düşməyəcəyi ilə bağlı sualı cavablandıran Ş. Əliyev bütün funksiyaların bölünəcəyini bildirib.
 
Publik hüquqi şəxsin heç vaxt müflis ola bilməcəyini deyən PA rəsmisi qeyd edib ki, publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir: “Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir. Sual oluna bilər: həmin funksiyaları, məsələn, qeyri-kommersiya təşkilatları həyata keçirə bilməzmi? Xeyr, qeyri-kommersiya təşkilatlarının həyata keçirdiyi funksiyalar dar çərçivədədir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir”.
 
Ş. Əliyevin sözlərinə görə, publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldığı deyən Ş. Əliyev hazırda qurumun nizamnamə layihəsi üzərində iş aparıldığını bildirib. “Publik hüquqi şəxs statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək. Qeyd edim ki, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu Palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Cənab prezidentin tapşırığı ilə bu qurumun Nizamnaməsinin layihəsi bir aya hazır olacaq”.
 
PA rəsmisinin sözlərinə görə, iqtisadiyyat inkişaf etdikcə, yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. “Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir”.

Ən sərfəli kredit üçün müraciət et