Mərkəzi Bankın yeni strategiyası : Hiper inflyasiya yoxsa Daralmış İqtisadiyyat mı? | Banco.az

Mərkəzi Bankın yeni strategiyası : Hiper inflyasiya yoxsa Daralmış İqtisadiyyat mı?

Müəllif: Fərhad Vilayətoğlu 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)

Aydındır ki beynəlxalq enerji bazarlarında qiymətlərin kəskin düşməsi və bu vəziyyətin uzun müddət davam etməsi ölkənin, yəni Azərbaycanın tədiyyə balansının pozulması ilə nəticələnmişdir. Nəticədə ölkənin Baş Bankı iki dəfə devalvasiyaya getməklə üzən, lakin tənzimlənən valyuta rejiminə keçmək qərarını aldı.

Bu qərar ölkə üzrə bir mənalı qarşılanmasa da, tək alternativ idi. Bəli, Mərkəzi Bank rasional davrandı, uzun müddət gözlənilən qərarı 21 dekabr 2015 – ci ildə qəbul etdi. USD/AZN məzənnəsi 0,78 – dən 1,05 – ə yüksəldikdən sonra bir başa 1,55 məzənnəsinə çatdı. Bu artıq iqtisadi və sosial həyat üçün qırmızı siqnal idi. Hər kəs bir tərəfdən hiper inflyasiyanın olacağını, iqtisadiyyatın çökəcəyini söyləyirdi. Bu vəziyyət əslində  Mərkəzi Bank üçün də asan aşıla biləcək maneə deyildi. Lakin zaman keçdikcə artıq bazar psixologiyasının normala qayıtdığını, reformların gecikdirilmədən icra edildiyinin şahidi olduq. Digər tərəfdən gündəmi zəbt edən bahalaşma məsələlərinə de qismən sakitlik gəldi.

Mərkəzi Bank çətin də olsa birinci mərhələni başa vurdu, yəni 2 dəfə devalvasiya ardından üzən, lakin tənzimlənən rejimə keçməyi qərara aldı. Növbəti mərhələ isə faiz dərəcələrinə baxılması idi. Yadınızdadırsa FED – in müzakirələri zamanı Amerika İqtisadiyyatında baş verəcək olanların dünyaya təsiri müzakirə edilirdi. Lakin unudulan tək bir məsələ, ölkəmizdəki faizdərəcələrinə baxılması idi ictimaiyyətin.

Əgər xatırlayırsınızsa, 2006 – 2007-ci illərdə qlobal maliyyə böhranı baş verdiyi zaman Azerbaycan Respublikası Mərkəzi Bankı faiz dərəcələrini 2008 – ci ildən başlayaraq 12% - dən  2011 – 2012 –ci illərəqədərmərhələli şəkildə 5% -ə endirdi. Sadə şəkildə söyləsək, Mərkəzi Bank o zaman isti pulların banklarda yatmasına deyil, real iqtisadiyyata axması üçün çalışdı. O zamanlar Enerji məhsullarının qiyməti dünya bazarlarında rekord hədlərə çatırdı, başqa bir ifadə ilə ölkəyə stratejik valyuta ehtiyyatları axırdı, bu da Mərkəzi Bankın öz ehtiyyatlarının artmasına səbəb oldu. Bununla da Mərkəzi Bank, ölkə banklarının likvidliyinin təmin edilməsi və iqtisadiyyatın xarici təsirlər nəticəsində, yəni azalan investor maraqlarını minimumlaşdırmaq üçün özü bir başa meydana daxil oldu, faiz dərəcələrini azaltdı, iqtisadiyyata Manat, dolayısı ilə xarici valyuta (intervensiya yolu ile) daxil etdi. Beləliklə biz Qlobal Maliyyə Böhranının təsirlərini minimumlaşdıra bildik.

Ən sərfəli kredit üçün müraciət et

Lakin indi?

Mərkəzi Bank Yaxşı bilir ki ölkədə xarici valyutaya ehtiyac  əvvəllər real olsa da, indi bir qədər süni şəkildə yüksəlmişdir. Digər tərəfdən Dövlətin İnvestisiya Layihələrində xarici borclarının mövcud olması, Xarici Valyutaya olan tələbi yüksək həddə saxlayır. Üzən Valyuta Rejimində Mərkəzi Bankın məzənnə siyasəti əvvəllər mövcud olan bir – başa yolla deyil, Dolayısı Yolla, yəni Bazarda Xarici Valyutanın Təklifini Manipulyasiya etmək və Faiz Dərəcələri ilə təsir etməkdədir.

Mərkəzi Bank Təklifi çoxaltdığı zaman tələbin həddindən artıq qarşılanması nəticəsində Manatın ucuzlaşması, Təklifi sıxdığı zaman isə Manatın Bahalaşmasını müşahidə edirik. Baş verən bu dalğalanma və eyni zamanda USD qarşısında 2 dəfəyə yaxın dəyər itirmiş Manat fonunda ölkədə qiymət sabitliyinin təmin olunması məsələsi ortaya çıxır. Yaxşı, gəlin Mərkəzi Bankın Funksional öhdəliklərinə bir daha baxaq:

  1. Makro – iqtisadi sabitliyin təmin edilməsi,
  2. Qiymət Sabitliyinin təmin edilməsi

Deməli,Mərkəzi Bank qiymət sabitliyinin təmin edilməsi üçün bir başa məsul bir orqandır. Yuxarıda qeyd edildiyi kimi, Xarici Valyuta təklifini manipulyasiya etməklə USD/AZN məzənnəsinə təsir edən Mərkəzi Bank, faiz dərəcələrini qaldırmaqla real iqtisadiyyatda mövcud olan izafi pul kütləsini dövriyyədən sıxışdırıb çıxarmağa çalışır. Bu zaman izafi sözü ilə bağlı sual ola bilər ki, bəs bu pul kütləsi niyə 1 il əvvələ qədər izafi deyil, məhz bu zaman izafi pul kütləsi olaraq başa düşülür? Cavab sadədir. Sizin milli valyutanızın arxasında milli iqtisadiyyatınız dayanır. Əgər milli iqtisadiyyatınızın xarici valyutada yaratdığı əlavə dəyər azalırsa, o zaman sizin milli valyutanızın dəyərdən düşməsi ilə inflyasiyanin sürətlənməsi paralel olaraq davam edir. Bu zaman siz İnflyasiyanın qarşısını almaq üçün dövriyyədə olan izafi milli valyutanı yığışdırmağa çalışırsınız. Nəticədə Günlük həyatda normal şəkildə yaşamı davam etdirmək üçün sizin milli valyutaya qarşı tələbiniz yüksək saxlanılır, və eyni zamanda xarici valyutaya qarşı marağı azaltmağa səbəb olur. Bununla da Mərkəzi Bank ölkədə hiper inflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatın daraldılması alternativini seçir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et