Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq | Banco.az

Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq

“Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur”. 

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq:

“Bizim proqnozlarımıza görə, bəzi amillərin təsiri altında ilin sonunadək pul bazasında artım ola bilər. Ənənəvi olaraq ilin 4-cü rübündə, xüsuilə dekabr ayında əlavə pul kütləsi yaranır. Əlavə pul kütləsi olarsa onu sterilizasiya edəcəyik. Artıq lazımi göstərişlər verilmişdir. Bu istiqamətdə Mərkəzi Bankın kifayət qədər alətlər arsenalı var. Biz bu alətlərdən istifadə edərək dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracağıq”.  

Mərkəzi Bankın sədri qeyd edib ki, bu ilin yayınadək Mərkəzi Bank yumuşaq pul siyasəti həyata keçirib, faizləri aşağı salıb, nəticədə də iqtisadiyyat canlanıb, məşğulluq artıb. Sentyabr ayından başlayaraq faizlərin artırılması və digər sərt siyasətlər inflyasiya təzyiqinin azaldılmasına xidmət edir: “Biz müşahidə edirik ki, iqtisadi fəallığın və məşğulluğun artması öz potensial imkanlarına çatmaqdadır. Belə bir vəziyyətdə monetar siyasətin bir az sərtləşdirilməsi iqtisadi inkişaf üçün təhlükə yaratmır”.

Sterilizasiya - Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satılaraq dövriyyədə olan pul kütləsinin azaldılmasıdır. Belə ki, açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda (məsələn notlar) dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya). Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər. Bir çox hallarda Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən depozit və kredit əməliyyatları da açıq bazar əməliyyatları hesab olunur.

Xəbər verdiyimiz kimi, 2021-ci ilin oktyabr ayında Azərbaycanda pul bazası 122,5 milyon manat artaraq 14 milyon 621,2 milyon manata yüksəlib. Ötən ilin sonu ilə müqayisədə, 10 ay ərzində pul bazası 1 milyard 57 milyon manat artıb.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası, milyon manat ilə

29.10.2021     14621.2

30.09.2021     14498.7

31.08.2021     14172.3

30.07.2021     14213.4

30.06.2021     13803.0

31.05.2021     13856.8

30.04.2021     13281.6

31.03.2021      13315.0

26.02.2021      12863.0

29.01.2021      12782.0

30.12.2020      13564.2

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et