Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası aprel ayında tamamlanan və may ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə danışılarkən qeyd olunub ki, Palata tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun layihəsinin hazırda banklar, xidmət mərkəzləri, beynəlxalq kart təşkilatları və aidiyyəti beynəlxalq maliyyə təşkilatları ilə müzakirəsi aparılır.
Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərinin istifadəsinin genişləndirilməsi, maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə görülmüş işlər müzakirə edilib. Qeyd olunub ki, sadalanmış istiqamətlər üzrə şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Palata beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.
Eyni zamanda, iclasda qiymətli kağızlar bazarının beynəlxalq bazarlara inteqrasiyanın təmin edilməsi məqsədilə Palata tərəfindən qiymətli kağızlar bazarlarında qlobal standartları müəyyən edən “IOSCO” beynəlxalq təşkilatına üzvlük üzrə araşdırmalar aparıldığı və assosiativ üzvlüklə bağlı ilkin müraciət edildiyi bildirilib. Palatanın “IOSCO”ya üzvlüyünün təmin edilməsi qiymətli kağızlar bazarında tənzimləmə, nəzarət, investorların hüquqlarının müdafiəsi və bazarda şəffaflığın və effektivliyin təmin edilməsi üzrə beynəlxalq standartların tətbiqinə töhfə verəcəkdir.
İclasın yekununda növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.