Maliyyə-xidmət sektorunun (Bank–Fintech ) müasir inkişaf istiqamətləri | Banco.az

Maliyyə-xidmət sektorunun (Bank–Fintech ) müasir inkişaf istiqamətləri

Müəllif : Şadiyyə Amanova, AFB Bank Audit Komitəsinin sədri 

Azərbaycanda son dövrlərdə həyata keçirilən islahatlar bank sisteminin sabitliyinin və dinamik inkişafinın təmin edilməsi üçün əlverişli şərait yaratmaqdadır. Bu sistemin səmərəli fəaliyəti istər iqtisadi, istərsə də sosial inkişafımız üçün vacib hesab olunur.  Bu baxımdan da müasir bank sisteminin dayanıqlığının və etibarlılığının təmin edilməsi xüsusi zərurətdən irəli gəlir. Son dövrlərdə bankların inkişafında daha yeni xidmətlər və meyillər nəzərə çarpmaqdadır. Xüsusilə də bu sistemin rəqəmsal istiqaməti və xidmətlərə meyilin artması müasir dünyanın çağırışları ilə də sıx bağlıdır. Hazırda bir çox ölkələrdə iqtisadiyyatın bütün sahələrində rəqəmsallaşma inkişaf edir. Əsasən də bankçılıq sahəsində qərarvermənin, zəruri təhlil və qiymətləndirmələrin avtomatlaşdırılması daha çox müşahidə edilən bir prosesdir. Bu sahədə dövlət səviyyəsində yaradılan mühit və infrastrukturun da öz müsbət təsirləri vardır (elektron imza, əməliyyatların elektron qaydada aparılması və s.).

Tədqiqatlar göstərir ki, 2008-ci il maliyyə böhranından sonra davamlı maliyyələşdirmə ehtiyacı birbaşa (P2P)  kredit xidmətləri artımına və bu məhsulların  populyarlığına gətirib çıxarmış və bu platformalar, ənənəvi maliyyə qurumları tərəfindən imtina edilənlərə  maliyyələşmə imkanı vermişdir.  Həmçinin, belə bir şəraitdə kreditorlar fərdi qaydada və daha yaxşı investisiya imkanları təklif edən aşağı faiz dərəcələri ilə maliyyələşdirmə imkanı əldə etmişlər. Nəticədə, bütün bu texnoloji yeniliklərin tətbiqi Maliyyə Texnologiyalarını və ya qısaca  desək FinTech şirkətlərinin yaranmasına səbəb olmuşdur.

Klassik və ənənəvi bankçılıq sisteminə dağıdıcı təsir edən FinTech  şirkətlər  internetin sürətlə artması, smartfonların mövcudluğu və məlumatların toplanması, emalı və  hesablama qabiliyyətinin yaxşılaşdırılması kimi müxtəlif texnoloji yeniliklərdən uğurla istifadə edərək, ödəniş prosesini  istehlakçılar və şirkətlər üçün daha ucuz və əlçatan etdilər. Ödənişlərin emalı inqilabının yaratdığı kütləvi dəyişikliklər artıq milyonlarla insanın şirkətlərlə qarşılıqlı əlaqəsini kəskin şəkildə dəyişdirməkdədir. Nəticədə, FinTech şirkətlər maliyyə dünyasını dəyişərək  fiziki şəxslər, startaplar və ənənəvi maliyyə qurumları üçün  innovativ maliyyə sistemi məhsullarının yaradılmasına səbəb olmaqdadır. Qeyd etmək lazımdır ki, hazırda bu şirkətlər mövcud maliyyə qurumlarına qarşı mübarizədə müəyyən uğur əldə edirlər .

Təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə banklar əsasən də satış prosesinin rəqəmsallaşması üçün İT strategiyasında köklü dəyişikliklər edərək  Fintech şirkətlər ilə birgə əməkdaşlıq çərçivəsində həm də xərclərin azaldılmasına müvəffəq olmaqdadır. Lakin  ödəniş sistemi və xidmət  proseslərində durmadan çevik və geniş inqilabi yeniliklər edən Alibaba, Facebook və  Google və s.  kimi şirkətlərlə ayaqlaşmaq, davamlı müştəri tələblərini həm vaxt və həm də xərc etibarıilə asanlaşdırmaq banklar üçün çətin olsa da  çox mühüm və zəruridir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda da maliyyə xidmət sektorunun  strateji hədəflərində  rəqəmsal transformasiyasının sürətləndirilməsi və tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərdən hesab olunur.Qeyd edək ki,  ilk öncə ölkənin bu sahə üzrə təkmil  qanunvericilik bazası yaradılmalı, Fintech  şirkətlərin lisenziya ilə fəaliyyəti təmin olunmalı və tənzimləyici orqanlar tərəfindən  prudensial qaydalar çərçivəsində nəzarət gücləndirilməlidir. Qanunvericilik bazası yüksək nailiyyətlərin əldə olunmasını şərtləndirməklə, ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının  şaxələndirilməsini, ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da artmasını təmin edə bilər. Rəqəmsal transformasiyanın tətbiqində mövcud dövlət proqramında nəzərdə tutulan tədbirlərdən biri də Ani Ödənişlər Sisteminin (AÖS) yaradılmasıdır. Ölkəmizdə mal və xidmətlərə tələbat artdıqca, müasir e-banking, m-banking həllərin tətbiqi sürətləndikcə günbəgün böyüyən iqtisadiyyatda ödənişlərin aparılması müasir, rahat və daha az xərcli üsulların tətbiqini qaçılmaz edir. Dünya  ölkələri ilə rəqabətə davam gətirmək məqsədi ilə müasir bankçılığın,o cümlədən AÖS-nin tətbiqi, həmçinin banklarımızın  Fintech şirkətlərlə  birgə əməkdaşlığı növbəti beşillikdə hər bir istehlakçının fərdi-individual bank məhsul və xidmətləri ilə təmin olunmasını şərtləndirəcəkdir. Lakin texniki həllərlə yanaşı rəqəmsal platformalara keçiddə bu məhsullara əlçatanlığın təmin olunması və effektiv inkişafı üçün aşağıdakı addımların atılması da  zəruri hesab olunur:

  • Nağdsız ödənişə keçidi stimullaşdıran layihələrin tətbiqi;
  • İstehlakçıların mütəmadi  maarifləndirilməsi;
  • Bütün biznes proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması;
  • M-Banking və E-banking  platformalarda rahat interfeys qurulması;
  • Kiber təhlükəsizlik tələblərinin təmini;
  • Bank və Fintech şirkətlər tərəfindən hər bir müştəriyə fərdi yanaşma tətbiqi.

Rəqəmsal transformasiya sayəsində ödəniş ekosisteminin qurulması iqtisadiyyatın genişləndirilməsi ilə nağdsız  ödənişlərin stimullaşdırılmasına və  səffaflığın təmin olunmasına səbəb olacaqdır. Bu baxımdan da rəqəmsal transformasiya ilə bağlı həyata keçirilməkdə olan dövlət əhəmiyyətli layihələr, konseptual sənədlərin vaxtında və gecikmədən  tətbiq olunması zəruridir.

Müasir tələblər nəzərə alınmaqla bank və  Fintech birgə əməkdaşlığı mövcud  bazarların  təkmilləşdirilməsinə, faəllaşdırılmasına səbəb olacaq həmçinin,şəffaflığın təmin olunması ilə risklərin minimiallaşdırılması və iqtisadi  səmərəliliyin artırılmasınada təkan verəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et