Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (AKR) xidmətinin məlumat bazası yeni yaradılmış “Azərbaycan Kredit Bürosu” MMC-yə ötürüləcək.
Bunu “Report”a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının hüquq məsələləri üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayev deyib.
Bununla yanaşı, onun sözlərinə görə, Büro özü də banklardan və bank olmayan kredit təşkilatlarından, lizinq və sığorta şirkətlərindən, mobil rabitə operatorlarından qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlar toplayacaq.
Xatırladaq ki, “Azərbaycan Kredit Bürosu” 8 yerli bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılıb və ölkənin ilk özəl kredit bürosudir. Onun baş direktoru indiyə qədər MKR xidmətinə rəhbərlik etmiş Elçin Həbibovdur.