“İnkassator işlədiyimi heç kim bilmirdi”
Bakı şəhərində yerləşən banklardan birində baş inkassator işləmiş İlham Məmmədzadənin müsahibəsi
- Xahiş edirik əvvəlcə inkassator peşəsi haqqında qısa məlumat verin...
- İnkassator nağd pul, qiymətli kağızlar, metallar, daş-qaşlar və zinət əşyalarının inkassasiyasını həyata keçirən şəxsdir. İnkassasiya isə nağd pul və digər qiymətli şeylərin hansısa bir təyinat yerinə daşınması prosesidir.
- Siz neçə il inkassotor işləmisiniz?
- 2005-ci ildən 2011-ci ilə qədər bankda baş inkassator işləmişəm. 2005-ci ildən əvvəl isə həmin bankda sürücü kimi fəaliyyət göstərmişəm. Ancaq inkassator bölməsi açılandan sonra mənə güvəndiklərindən bu işə təyin etdilər. Ancaq sonradan bölmənin işçilərinin sayı artdı, 13 nəfərə çatdı.
- Bu işlə bağlı fiziki hazırlıqlar və ya biliklərinin artırılması üçün hansısa təlim keçmisinizmi?
- İnkassatorlar və sürücü-inkassatorlar fiziki cəhətdən sağlam olmalı, silahlardan istifadə etmək bacarığına malik olmalıdırlar. Təbii ki, inkassatorlar və sürücü-inkassatorlarla təlim keçilir. Bizə xüsusi konspektlər verilmişdi, orda olan məlumatları öyrənirdik. Yəni inkassasiyası zamanı özümüzü necə aparmalıyıq, proses necə həyata keçirilməlidir və s. Həmin qaydalara uyğun işləyirdik. Biz həm də Daxili İşlər Nazirliyinin işçisi idik. Üç aydan bir nazirliyə gedirdik, silahla davranış qaydaları üzrə təlim keçirdik.
- Sağlıq durumunuza necə nəzarət edilirdi?
- Bir neçə aydan bir komissiyadan keçirdik. Təbii ki, tibbi sığortamız var idi və bank işçiləri üçün müayinə pulsuz idi. Hansısa bir narahatlıq olanda müəyyən klinikalara gedərək müayinədən keçirdik.
- Ümumiyyətlə, inkassasiya avtomobilində neçə nəfər olur?
- İnkassator briqadası ən azı iki inkassatordan ibarət ola bilər. Briqadanın tərkibindən bir nəfər rəhbər təyin olunur. Bizdə briqada 4 nəfərdən ibarət idi: bir sürücü, iki müşahidəçi, bir də kassir. İnkasassiya zamanı hər kəs müşahidəçi qismində olur, hamı işə nəzarət edir.
Hansısa bir təyinat yerinə gedəndə maşınıı obyektə ən yaxın məsafədə saxlamağa çalışırdıq. Həmin obyektin içərisindəki polis bizi qapıda qarşılayırdı. Avtomobildən ilk olaraq müşahidəçilərdən biri çıxdıqdan sonra qapı bağlanır, sürücü isə içəridən müşahidə edir. Təhlükəsizliyə tam əminlik yarandıqdan ratsiya vasitəsilə içəridəkilərə xəbər verilirdi və baş inkasator kimi maşından düşürdüm, sonra ikinci müşahidəçi, ən sonda kassir avtomobildən bayıra çıxırdı. Biz kassiri müşahidə etməklə obyektə daxil olurduq. Ancaq uzaq yola çıxanda kassir bizimlə getmirdi. Bu zaman qiymətli şeylərin qəbulu və təhvili işini öz üzərimizə götürürdük. Təbii ki, bütün işlər sənədlə görülürdü, pulu verən və təhvil alan şəxs də həmin sənədi imzalayırdı.
- Yəqin ki, Sizə silah, xüsusi geyim və zirehli gödəkcə də vermişdilər...
- İnkassatorlar lazımi texniki vasitələrlə təhciz edilirdi. Bizim hər birimizin silahı var idi. Təbii ki, markasını ictimaiyyətə açıqlamaz olmaz. Mən cəbhəçi olmuşam, bu səbəbdən də silahdan istifadə edə bilirdim. Bizə iki daraq verilirdi, biri ehtiyatda, digəri isə tapançanın içərisində olurdu, hər bir darağın içində də 8 güllə olurdu. Həmçinin briqadada polislər də var idi, onların silahının markası fərqli idi, güllə sayı da onlarda daha çox idi. Mən işlədiyim müddət ərzində silahdan istifadə etməmişəm, çünki ehtiyac olmayıb. İnkassator işçiləri dövlət tərəfindən verilən xüsusi forma geyinirlər. Biz silahı yan tərəfdə qaburun içində, polislər isə çiyinlərində saxlayırdılar. Təbii ki, zirehli gödəkcə də geyinirdik. Mobil telefon və ya radiostansiya (ratsiya) ilə də təchiz olunurduq. Ratsiya ilə təxminən 2 km-ə qədər məsafədən danışmaq mümkün idi.
Ümumiyyətlə, inkassatorların xidməti silahlarının və döyüş sursatlarının saxlanılması üçün müvafiq qaydada təhciz olunmuş xüsusi otaq olur. Həmin otağa “inkassator otağı” deyirdik. Silahlar otağın xüsusi seyfində saxlanılırdı, seyfin kodunu da yalnız özümüz bilirdik. Gödəkçələr isə şkaflara yığılırdı, hər kəsin özünün şkafı var idi, sənədlər də orda saxlanılırdı.
- "İnkasator otağı"nız nələrlə təchiz edilmişdi?
- Sadəcə, adi bir otaq idi. Otağın içərisinin görünməməsi üçün qara şüşələr vurulmuşdu və kənar şəxslərin daxil olması qadağan idi. Onsuz da qapı xüsusi kod vasitəsilə açılırdı. Biz də həmin otağa kartla daxil olurduq. Ora həm də bizim istirahət otağımız idi.
- Pulu ən uzaq hansı məsafəyə daşımısız?
- Ən uzağı 400 km-ə qədər yol getmişik. Yəni Bakı, Gəncə, Tovuz və Qazaxa qədər getmişik. Bir vaxtlar işlədiyim bankın filiallarına qiymətli şeylər aparmışıq və yaxud ordan nəsə gətirmişik. Yəni yalnız pul daşımırdıq, həm də digər qiymətli kağızlar, qızıl-zinət əşyaları və digər qiymətli şeylərin daşınması ilə məşğul olurduq.
- Əgər sirr deyilsə, bankda işlədiyiniz müddətdə ən çox nə qədər nağd pul daşımısınız?
- Bir dəfə hətta 28 milyon dollar pul aparmışıq, bir qədər avro da var idi.
- Bu qədər pulun inkassasiyası zamanı seçilən adamlarda hansı xüsusiyyətlər olmalıdır?
- İnkassator peşəsinə işçi seçilərkən xüsusi yoxlamadan keçir. Hər adam bu peşədə işləyə bilməz. Bir işi sənə tapşırıblarsa, onu məsuliyyətlə etməlisən. Hansı iş olmağından asılı olmayaraq, sənə etibar olunub və həmin işi görməlisən. İnkassator etibarlı, möhkəm xarakterli, sözü bütöv olmalıdır, söz saxlaya bilməlidir, gözü tox, mərd olmalıdır. Mən uzun müddət bu sahədə işləsəm də, ətrafım inkassator işlədiyimi bilmirdi. İnkassator hər zaman ehtiyatlı olmalıdır. Hər şey ola bilər, daim ehtiyatlı olmaq lazımdır. Çünki külli miqdarda pulun inkassasiyasını həyata keçirdiyin məlum olsa, səni hədələmək, pul tələb etmək üçün övladını oğurlaya, ailənə zərər vura bilərlər. Bu işdə hər an təhlükə gözlənilir, bir saniyə belə ehtiyatı əldən vermək olmaz.
- Heç iş başında qorxmusunuzmu?
- Təbii ki, olub. Daxili narahatlıq olur, hər bir xırdalığa fikir verirsən. Məsələn, maşının yanından adam keçir, hətta təsadüfən dönür baxır, ona da diqqət edirsən. Artıq onun avtomobilə nəyə görə baxdığını analiz etməyə başlayırsan. Həmin simanı yadda saxlamağa çalışırsan. Çünki adamı yenidən görə bilərsən və bunun təsadüf olmadığını dərhal anlamaq lazımdır.
- Bəs kimlərdənsə şübhələndiyiniz olubmu?
- Belə hal bir neçə dəfə olub. Adətən, obyektlərə getmək vaxtımız və günümüz eyni olurdu. Bir neçə dəfə getdiyimiz ünvanlardan birində eyni adamlarla rastlaşdıq. Onlar bizim gəliş-gediş vaxtımızı, neçə nəfər olduğumuzu və s. hər şeyi bilirdilər. Nəticədə hansısa hazırlanmış planın qurban olmamaq üçün həmin obyektə gedəcəyimiz vaxtı dəyişdik.
- Uzaq məsafəyə tək pul aparmısınızmı?
- Bəli, olub. Təhlükəli və məsuliyyətli olsa da, mənə etibar ediblər və etibarı da doğrultmuşam.
- Maraqlı, yadda qalan hadisə olubmu?
- İnkassasiya zamanı bir yerdən başqa yerə qiymətliləri aparanda gediləcək ünvan kimsəyə deyilmir, gediləcək ünvan məxfidir. Bir dəfə böyük şəbəkə marketlərin birinin inkasasiyasını apararkən, obyekt rəhbərliyindən pulları təhvil aldıq. Marketin müdiri bizdən gedəcəyimiz növbəti ünvanı soruşdu. İnkasator belə bir məlumatı kimsəyə verə bilməz, çünki soruşan adamın bu sualı verməkdə məqsədinin nə olmasını bilmək olmur. Hansısa plan qurula bilər.
- Bu qədər pul daşıyan adamın maaşı nə qədər idi?
- Bankdan 850 manat maaş alırdım. Bir də, "overtime"lar də var idi, yəni işdən sonra nə qədər əlavə qalsaq onun pulu da hesablanırdı. 350 manata yaxın da mülki mühafizəçi kimi Daxili İşlər Nazirliyindən alırdım.
- Heç avtomobili içərisində pul olduğu halda yolda saxlamısınızmı?
- Qiymətli şeylərin inkassasiyası zamanı inkassatorların əvvəlcədən müəyyən olunmuş marşrutdan və qrafikdən kənarlaşması, nəzərdə tutulmayan məntəqələrdə dayanması, habelə avtomobildə kənar şəxslərin və yüklərin daşınması qadağandır. Bizdə də belə hal olmayıb. Biz ən ucqar rayona gedəndə belə mərkəzi ofisdən çıxandan təyinat məntəqəsinə qədər dayanmadan gedirdik. Maksimum sürücü ilə yerimizi dəyişə bilərdik, amma avtomobili saxlamadan, bunu da onun dincəlməsi üçün münasib yer tapanda həyata keçirirdik. Bu səbəbdən də yolda nəyəsə ehtiyac olmasın deyə suyumuzu, yeməyimizi, lazımi əşyaları, ərzağı əvvəlcədən alıb maşına qoyurduq. Əgər qiymətli şeylərin inkassasiyası zamanı nəqliyyat vasitəsi sıradan çıxarsa və ya inkassatorlardan biri xəsarət alarsa, dərhal təşkilat rəhbərliyinə məlumat verilməli, xəsarət alan şəxsə ilkin yardım göstərilməli, həmin əşyaların mühafizəsi təşkil edilməli və təyinat yerinə çatdırılması üçün şəraitə uyğun olaraq qərar qəbul edilməlidir. Bizdə heç vaxt maşında nasazlıq və digər hallar müşahidə olunmayıb, çünki sürücülərimiz daim maşınlara qulluq edirdilər.
- Bəs işıqforun qırmızı işığında keçmisinizmi?
- Çox az olub. Bunun olmamasına çalışırdıq. Nadir hallarda qırmızı işıqda keçmək olar, məsələn, bunu hansısa təhlükənin olduğunu hiss etdikdə edə bilərik. Amma sonradan belə bir hadisənin olduğunu mütləq xəbər vermək lazımdır. Çünki yol qaydaları pozulub.
- Sizə necə nəzarət olunurdu?
- Uzaq yola çıxanda yalnız mobil telefonla nəzarət olunurdu. Ratsiyalarımız yalnız öz aramızda işləyirdi.
- İnkassasiya maşınının sayrışan işıqları nə vaxt yanmalıdır?
- İşıqların həmişə yanmağı şərt deyil. Təcili hansısa obyektə getmək lazımdır, hansısa bankomatda nasazlıq var və insanlar pul çıxarmaq istəyir və növbə çoxdur, bu halda bonkomatın ustaları ilə yola çıxırdıq. Tıxac olan vaxt təcili işimiz varsa, sayrışan işıqları yandırırdıq.
- Dəmir pulu, yoxsa kağız pulu daşımaq çətin idi?
- Dəmir pul çətin idi, çünki ağır olurdu. Həm onu maşından çıxarıb obyektə aparmaq da çətin və məsuliyyətli olurdu. Pul qutularda və polietelen paketlərdə qablaşdırılıb möhürlənir. Bir dəfə Gəncə filialından Bakıya 2,5 ton dəmir pul gətirmişik. İnkassasiya maşını zirehli idi, özünün çəkisi 6 tondur. Yük ağır olanda maşının sürəti azalır, bu səbəbdən maşın ağırlıqdan aşağı enmişdi.
- Maşında hansı zəruri avadanlığın olması vacib idi?
- "Apteçka" və yanğınsöndürən balon mütləq olmalıdır. Bundan başqa, avtomobildə çöl görüntü də olmalıdır. Bəzi maşınlarda yoxdur. Amma çöl görüntünün olması vacibdir, ətrafı müşahidə etmək lazımdır.
Mənbə: Report.az