Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada məhdud artım qeydə alınıb.
Banco.az xəbər verir ki, Avrozonanın iqtisadiyyatı bu ilin ilk rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz böyüyüb, məşğulluq isə eyni dövrdə 0,1 faiz artıb.
Avropa Statistika Ofisi — “Eurostat” Avropa İttifaqı və Avrozonanın 2026-cı ilin ilk rübünə dair ümumi daxili məhsul və məşğulluq üzrə ilkin göstəricilərini açıqlayıb.
Məlumata əsasən, Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ümumi daxili məhsul ilin ilk rübündə ötən ilin son rübü ilə müqayisədə 0,1 faiz yüksəlib.
Avrozonada ümumi daxili məhsul bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə də 0,8 faiz artıb.
Bazar gözləntiləri də Avrozonada ümumi daxili məhsulun rüblük əsasda 0,1 faiz, illik əsasda isə 0,8 faiz artacağı istiqamətində idi.
Avropa İttifaqında mövsümi təsirlərdən təmizlənmiş ümumi daxili məhsul ilin ilk rübündə rüblük müqayisədə 0,2 faiz, illik müqayisədə isə 1 faiz artıb.
İlk rübdə ümumi daxili məhsul əvvəlki rüblə müqayisədə İrlandiyada 2 faiz, Litvada 0,4 faiz, Rumıniya və İsveçdə isə 0,2 faiz azalıb. Fransada dəyişməz qalan ümumi daxili məhsul İtaliyada 0,2 faiz, Almaniyada 0,3 faiz, İspaniyada isə 0,6 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
