Aİ Türkiyə və Ermənistan arasında ticarət təşəbbüsünü müsbət qiymətləndirib | Banco.az

Aİ Türkiyə və Ermənistan arasında ticarət təşəbbüsünü müsbət qiymətləndirib

Müəllif: Mehin Qasımova, Banco.az

Aİ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan yeni addımı müsbət qiymətləndirib.

Banco.az xəbər verir ki, Avropa Birliyinin Komissiyasının sözçüsü Anitta Hipper Türkiyənin Ermənistanla birbaşa ticarətə başlamaq üçün bürokratik hazırlıqları tamamlamasını mühüm inkişaf adlandırıb.

Avropa Birliyi Xarici Əlaqələr Xidməti (EEAS) tərəfindən yayımlanan açıqlamada Hipper bildirib ki, bu addım iki ölkə arasında ticarət və iqtisadi imkanların genişlənməsinə şərait yarada bilər:

“Bu vacib addım yalnız Türkiyə və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz regionu və Avropa Birliyi üçün də müsbət təsir potensialına malikdir”.

Hipper əlavə edib ki, son inkişaflar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində mühüm mərhələ hesab olunur. O, həmçinin 28 aprel 2026-cı ildə keçirilmiş ikitərəfli işçi qrupunun iclasını xatırladaraq, tərəflərin dəmir yolu əlaqələrinin bərpası istiqamətində də irəliləyiş əldə etdiyini vurğulayıb.