Bu yaxınlarda tanışlarla söhbət etdikdə, qızlardan biri dedi ki, bəs rəfiqəsinin pulqabısını oğurlayıblar və içindəki kartlar ilə əməlli alış-veriş edib, hətta təqaüd kartından da pul çıxarıblar. Bu oğurluq pulqabı sahibi olan xanıma hardasa 2500 manata başa gəlib. Təbii ki, belə bir sualım yarandı: Bəs, PİN kodu bilmədən, onlar necə pulu kartdan çıxara bilib. Əhvalatı danışan xanım nəql etdi ki, bəs həmin qız bütün kodları kartın üzərinə yazırmış, çünki onları yadda saxlaya bilmir.
Beləliklə, bütün təhlükəsizlik təlimatlarında deyilsə də ki, kodları heç bir halda kartın üzərinə yazmayın, insanlar bu sadə qaydaya əməl etmir. Nəticədə də öz maliyyə vəziyyətlərini risk altına atırlar.
Beləliklə PİN-kodu qorumaq və yadda saxlamaq üçün Banco.az portalı Sizə öz məsləhətlərini təqdim edir.
PİN –kodun saxlanılması üçün ən yaxşı və rahat yer – sizin beyninizdir, nə qədər formal səslənsə də, ən yaxşısı bu dörd rəqəmi yadda saxlamaqdır. Bəs, əgər kartların sayı çoxdursa, onlardan tez-tez istifadə etmirsinizsə və beyniniz onsuz da doludursa, onda nə etməli? Bəzən olur ki, insanlar bir kart ilə digərinin PİN-kodunu da səhv salırlar.
Kartın PİN-kodunu onun üzərinə yazmaq olar, amma açıq şəkildə deyil kodlaşdırılmış şəkildə.
Daha aydın izah etməyə çalışaq. Heç bir halda, kodu olduğu kimi yazmayın. Yuxarıda da dediyimi kimi, siz oğurluqdan xəbər tutub, banka zəng edincə, artıq gec olacaq və pullarının gedəcək.
Siz kodu şifrələnmiş şəkildə yaza bilərsiniz. Şifərinin açarını isə özünüz fikirləşirsiniz. Bu istənilən bir açar ola bilər.
Məsələn, kartın PİN Kodu: 4825. Bu isə şifrələnmiş variant
Hər bir rəqəmin üzərinə 1 əlavə edirik (siz sadəcə yadınızda saxlayırsınız ki, kodu yazarkən “bir” əlavə etmisiniz).
4825-in hər bir rəqəmin üzərinə 1 əlavə etsək alınır - 5936
Hər bir rəqəmdən 3 çıxsaq, alınır 1592
Kodun ilk iki rəqəmi üzərinə iki əlavə edirik, digər iki rəqəmi isə dəyişmirik, alınır 6045 və s.
Siz sadəcə hansı cəbri əməldən istifadə etdiyinizi yadda saxlamalısınız və ondan sonra şifrələnmiş kodu kartın üzərinə yaza bilərsiniz.
Rəqəmləri həmçinin hərfi kodla da əvəz etmək olar-yəni rəqəmin adının ilk hərfi ilə (məsələn, səkkiz- s, dörd -d, iki –i) 8425 – edib (amma 4 və 9 qarışdırmamaq üçün onlardan birini başqa hərflə əvəz etməli olacaqsınız). Amma bu kodu kartın üzərinə yazmaq məsləhət deyil. Telefona və ya digər bir blaknota yazmaq olar.
Pin –Kodu ən görünən yerdə - məsələn telefonda gizləmək elə də pis ideya deyil, onu elə kontaktlaraa əlavə edə bilərsiniz. Amma Pin adı ilə deyil, hər hansı bir soyad adı altında. Əgər kartların və pin kodların sayı çoxdursa, onda soyada adlar da əlavə etmək olar və həmin adı kartın məxsus olduğu bankın adına uyğun seçə bilərsiniz. 4 nömrəli kodu isə telefon nömrəsi kimi qeyd edin.
Gördüyünüz kimi bir neçə formada şifrə və açarlar fikirləşmək olar. Siz sadəcə açarı yadda saxlamalı və onu pin kodlara tətbiq etməlisiniz.
Həmçinin daha sadə olsun deyə, siz Pin Change xidməti ilə kartlarınızın PİN kodunu dəyişə və yadda qalan şifrə təyin edib, təkcə onu da yadda saxlaya bilərsiniz. Amma ki, bu üsul o qədər də təhlükəsiz hesab olunmur.
Siz kartınızın arxasına yanlış nömrə və ya kartın PİN kodunu tərsinə də yaza bilərsiniz. Ondan üç dəfə kod yanlış daxil edildikdə kart dərhal bloka düşəcək, Bu müddət ərzində isə kartdakı vəsaiti xilas etmək olar.