Koronavirus pandemiyasının ziyan vurduğu ən həssas sahələrdən biri də ictimai iaşə obyektləridir. Artıq mart ayının ortalarında əksər müəssisələrin gəlirləri 30-50% azaldı. Martın sonlarında isə kafe və restoranların qapıları ziyarətçilərin üzünə tamamilə bağlanmağa məcbur oldu. Bəs müəssisənin böhrana uğramaması üçün hansı həll yolları mövcuddur?
1. Yeni formatda işləyin
Böhran vəziyyətə tez uyğunlaşmağı və işin formatını dərhal dəyişdirməyi tələb edir. Bundan əvvəl müştərilərə sırf birbaşa xidmət göstərirdinizsə, yeni istiqaməti inkişaf etdirməyə çalışın. Kiçik addımlarla başlayın — müştərilərinizə evə yemək sifariş etmək imkanı verin. Sifarişləri restoran və ya kafenizdən 1-2 km radiusda olan ünvanlara çatdıra bilərsiniz. Beləcə, ofisiantlar da işsiz qalmaz.
Sosial şəbəkələrdə yeni xidmət haqqında məlumat verin. Şübhəsiz ki, daimi müştərilər şad olacaqlar. Sizin yeməyinizin təhlükəsiz olduğunu göstərin. Saytda və ya sosial şəbəkələrdə hazırlanma prosesini göstərən qısa videolar paylaşın: aşpazlar əllərini yaxşıca yuyurlar, maskalar və birdəfəlik əlcəklər taxırlar, bir sözlə, hamı gigiyena və təhlükəsizlik qaydalarına əməl edir.
2. Qonşularla komanda qurun
Sizin obyektinizin yaxınlığında yerləşən bir müəssisə ilə əməkdaşlıq etməyə başlayın. Tutaq ki, siz burger satırsınız və yaxınlıqda qənnadı mağazası var, belə bir aksiya elan etmək olar: bir burger və desert sifariş edən 20% endirim qazanır. Belə əməkdaşlığı yalnız iaşə obyektləri ilə deyil, məsələn, gül-çiçək dükanı ilə də təşkil edə bilərsiniz.
Sosial şəbəkələrdə pulsuz qarşılıqlı paylaşımlar edin. Həqiqətən, bəyəndiyiniz bir müəssisə seçin və müştərinin onlardan nə sifariş edə biləcəyini bildirin. Onlar da öz növbəsində sizin menyunuz barədə danışsınlar. Beləliklə, reklam üçün əlavə pul xərcləmədən səhifənizə yeni abunəçilər cəlb edəcəksiniz.
Həmçinin oxu: Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?
3. Yeni imkanlardan istifadə edin
Müştərilərinizə sifariş etdikləri yeməyin pulunu kartla ödəmə imkanı təqdim edin. Mal və xidmətlərin yalnız nağd şəkildə satışını təklif edən şirkətlər nağdsız ödəməyə vərdiş etmiş potensial alıcıların 30%-dən çoxunu itirir. Banklar kartlardan istifadəni təşviq etmək məqsədilə CashBack proqramlarını inkişaf etdirir. Üstəlik, insanlar gigiyena qaydalarını rəhbər tutaraq nağd şəkildə ödəməyi dayandırırlar.
4. Onlayn sertifikatlar satın
Sosial şəbəkələrdə abunəçilərə təlqin edin ki, karantin tezliklə qurtaracaq və sizin müəssisə yenidən qapılarını müştərilərinin üzünü açacaq. O zaman qonaqların həvəslə gəlməsi üçün indidən tədbir görün. Restoranınız üçün sertifikatlar satmağa başlayın. Qəhvə kafeniz varsa, sonuncusunun pulsuz olduğu 10 fincanlıq kupon sata bilərsiniz. Sertifikatı bir dostunun və ya qohumunun ad gününə hədiyyə kimi almaq istəyənlər də tapılacaqdır.
Müştəri ilə dürüst söhbət həmişə təsirli üsul sayılıb. Zəif görünməkdən və kömək istəməkdən qorxmayın. Sertifikat və ya onlayn sifariş kimi hərəkətlərin obyekt sahibinə icarə haqqını və işçilərə maaşları ödəməyə kömək edəcəyini izah edin.
5. Faydalı məzmun yaradın
Bu gün, ümumiyyətlə, bir çox şirkətlərin, müəssisələrin özünə qarşı diqqətini görən bir müştəri səmimi, qayğı dolu münasibəti və sırf pul qazanmaq istəyini çox yaxşı fərqləndirə bilir. Müvəqqəti olaraq “şirkət xəbərləri” ruhundakı sıxıcı yazıları dayandırın və bu çətin dövrdə maraqlı kontentlə abunəçiləri sevindirin. Menyunuzdakı bəzi yeməkləri evdə necə bişirə biləcəklərini söyləyin. Uşaqların menyusunu daha maraqlı etməyin və ya qəhvə maşınının köməyi olmadan dadlı qəhvə hazırlamağın sirlərini bölüşün.
Qeyri-adi onlayn hadisələri (istər maraqlı bir mühazirə olsun, istərsə də məşhur bir qrupun virtual konserti) izləyin və abunəçilərinizə bu barədə məlumat verin. Əsas odur ki, bu anda potensial müştərilərin tələbatını hiss edəsiniz və onlarla əlaqəni kəsməyəsiniz. Beləliklə, markanızın adı onların nəzərində olacaq və karantin qurtardıqdan sonra məhz sizə qayıtmaq ehtimalı artacaq.
Həmçinin oxu: Məşhur şirkət tibb işçiləri üçün istehsala başlayır
Nigar Umaxanlı, Banco.az