İİTKM-in departament rəhbəri R.Hüseynin monoqrafiyası nəşr olunub | Banco.az

İİTKM-in departament rəhbəri R.Hüseynin monoqrafiyası nəşr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  Strateji planlaşdırma və  inkişaf departamentinin rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseynin «Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı: qloballaşmanın çağırışları və inkişaf imkanları» adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Azərbaycanda istehsal olunan kənd təsərrüfatı, xüsusən də bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyi məsələləri elmi cəhətdən araşdırılıb. Göstərilir ki, müasir dövrdə qloballaşmanın çağırışları nəzərə alınmaqla,  kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi,  məhsulların rəqabət qabiliyyətinin artırılması iqtisadi inkişafın aktual problemləri sırasında özünə yer alır. İnkişaf edən iqtisadiyyatlarda kənd təsərrüfatı  milli ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, əhalinin məşğulluğu və kənd regionlarında həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərinin həllində də əhəmiyyətli rol oynayır.

R.Hüseyn yeni dərc olunan monoqrafiya haqqında danışarkən bildirib ki, Azərbaycan iqtisadiyyatında şaxələndirmənin  gücləndirilməsi əsas prioritet kimi qəbul olunduğu hazırki şəraitdə aqrar sektorun inkişafı, həm də, qeyri-neft ixracının artırılmasının  mühüm  mənbəyi kimi ön plana keçir. Bu istiqamətdə, ilk növbədə, əhəmiyyətli  ixrac potensialına malik olan  bitkiçilik  sektorunda rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi ilə bağlı məsələlə-rin həllinə ehtiyac yaranır: “Ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəti-cəsində kənd təsərrüfatında əsaslı irəliləyişlər baş verib. Bir çox ərzaq məhsulları üzrə respublikanın özünütəminetmə səviyyəsi yüksəlib. Eyni zamanda ölkədə istehsal olunan bitkiçilik məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətinin təmin olunması istiqamətində müsbət nəticələr qazanılıb. Bununla yanaşı, respublikamıza bitkiçilikdə rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı daha böyükdür və bu potensialdan tam istifadə etmək üçün qloballaşmanın çağırışları da diqqətə alınmaqla elmi cəhətdən əsaslandırılmış müvafiq təkliflərin hazırlanması, inkişaf imkanlarının öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də rəqabətqabiliyyətli məhsul istehsalının artırılması məsələsi öz əksini tapıb. Strateji Yol Xəritəsinin prioritetlərindən biri isə həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir. Bu prioritetlərin uğurlu şəkildə reallaşdırılması ölkəmizin kənd təsərrüfatı istehsalı üzrə mövcud potensialının müasir yanaşmalar əsasında qiymətləndirilməsini və səmərəli istifadə edilməsi yollarının müəyyənləşdirilməsini zəruri edir”.

Monoqrafiyanın “Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin nəzəri və metodoloji əsasları” adlanan birinci fəslində rəqabətqabiliyyətliliyin iqtisadi mahiyyəti və strukturu, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin meyarları və formalaşması xüsusiyyətləri, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsinə  metodiki yanaşmalar əks olunub.

Ən sərfəli kredit üçün müraciət et

“Qloballaşma dövründə bitkiçilikdə rəqabət üstünlüklərinin formalaşması şəraiti və amilləri” adlanan ikinci fəslində iqtisadi qloballaşma mexanizmlərinin bitkiçilik məhsullarının rəqabət mühitinə təsiri qiymətləndirilib, bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyi və ərzaq təhlükəsizliyi paradiqmaları uzlaşdırılmaşı imkanları öyrənilib. Qloballaşma şəraitində bitkiçilik və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyinin formalaşmasına təsir edən əsas amillər göstərilib.

Elmi kitabın “Bitkiçilik məhsulları istehsalının sistem-struktur təhlili və rəqabətqabiliyyətliliyin qiymətləndirilməsi” adlanan üçüncü fəslində isə bitkiçilik məhsullarının daxili bazarda rəqabətqabiliyyətliliyinin dəyişilməsində əsas meyillər müəyyənləşdirilib, bitkiçilik məhsullarının xarici bazarda rəqabətqabiliyyətliliyinin mövcud  vəziyyəti qiymətləndirilib. Bitkiçilik məhsullarının xarici bazarda rəqabətqabiliyyətliliyini yüksəltmək  üçün həyata keçirilməli olan gələcək islahat tədbirləri ilə bağlı təkliflər verilib.

Monoqrafiyanın “Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin əsas istiqamətləri” adlanan dördüncü fəslində modernləşdirmə əsasında bitkiçilik məhsulları istehsalının iqtisadi  səmərəlilik parametrlərinin yaxşılaşdırılması ilə yanaşı, keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksəlilməsi məsələsi araşdırılıb, aqrar sektordakı təsərrüfatlarda ölçüləri optimallaşdırılması, rəqabətqabiliyyətliliyin yüksəldilməsi alətlərindən strateji menecmentin tətbiqi,  marketinq xidmətlərinin qurulması ilə bağlı mövcud vəziyyət tədqiq edilib.

“Bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi mexanizmlərinin təkmilləşdirilməsi” adlanan beşinci fəsildə bitkiçilik  məhsul-ları istehsalçılarına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi məsələləri tədqiq edilib. Tarif və qeyri-tarif vasitələrinin səmərəli istifadəsi əlaqələndirilməsi, ixracının təşviq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri ilə bağlı araşdırma aparılıb.

Monoqrafiyanın nəticə bölməsində aparılan tədqiqat zamanı əldə edilən nəticələr ümumiləşdirilmiş və elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr verilib.

Monoqrafiyanın elmi redaktoru iqtisad üzrə elmlər doktoru, professor Sadıq Salahov, rəyçilər iqtisad üzrə elmlər doktoru, professor Həmzə Xəlilov, iqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev, iqtisad üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşovdur.

Monoqrafiya Azərbaycan Respublikasında aqrar sahənin inkişafına dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, mütəxəssislər, sahibkarlar, doktorantlar və tələbələr faydalana bilərlər.