İki bank arasında yaşanan anlaşmazlıq, bir qadını durduğu yerdə həm milyonçu edib, həm də az qala dilənçi kökünə salıb. Avstraliyanın Brisben şəhərində yaşayan Syu Lemb bankomatdan pul çəkəndə hesabındakı pulları görərək şoka düşüb. Bu vaxta qədər milyonlarla dollara sahib olduğunu yuxusunda belə görməyən qadının maaş kartında 10 milyon dollar pul vardı.
Kartı dəfələlər bankomata salıb-çıxarsa da, hesabındakı milyonlarla dolların dəyişmədiyini görən qadın milyonçu olduğu ilə bağlı xəbəri sosial şəbəkədə insanlarla paylaşıb. Amma bu xəbərin yayılmasından sonra Syu Lemb acı sürprizlərlə qarşılaşıb. Hesabında milyonlarla dollar olan qadın, çox keçmədən on minlərlə dollar borca düşüb.
Məlum olub ki, iki bank arasında yaşanan texniki nasazlıq səbəbilə bu qadının bank hesabına 10 milyon dollar köçürülüb. Bu pulların Syu Lembə məxsus olmadığı öz yerində, amma bu qadın həmin pullar öz malıymış kimi xərcləməyə başlayıb. Avstraliyalı qadının bank hesabındakı pullar artıq geri çəkilib, xərclədiyi pulları isə indi qadın özü banklara qaytarmalıdır. Əks halda onun haqqında cinayət işi qaldırıla bilər.
Avstraliya qanunlarına əsasən, əgər Syu Lemb 3 il ərzində hesabına 10 milyon dollar yükləndiyi ilə bağlı heç kimə bir söz deməsəydi, banklar da bundan xəbərsiz olsaydı, onda həmin pullar qanun çərçivəsində ona qismət olacaqdı.
atvxeber.az