Devalvasiyadan artıq 2 aya yaxın müddət keçib. Hələ də bir sıra sullar cavabsız qalıb. Onlardan biri də xarici valyutada, xüsusən də dollarda olan kreditlərin hansı məzənnə ilə qaytarılması məsələsidir. Banklar və əhali arasında gərginlik yaranmasına rəğmən hökumət müşahidəçi mövqeyindədir. Həm Mərkəzi Bankın, həm də Konstitusiya Məhkəməsinin ortaya konkret mövqe qoymaması kredit ödənişində kimin haqlı olmasını müəyyənləşdirməyə çətinlik yaradır. Banklar isə müəyyən güzəştin (müddətin uzadılması və faiz dərəcəsinin aşağı salınması) müqabilində problemi müvəqqəti “dondura” biliblər. Seçim imkanı olmayan və müdafiəsiz qalan əhali isə kreditlərini yeni məzənnə ilə ödəməli olurlar. Reallıq budur ki, devalvasiya zərbəsi hər iki tərəfə dəyib: müştərilərin yüzlərlə və ya minlərlə ölçülən aylıq kredit ödənişi, bankların isə milyonlarla ölçülən öhdəlikləri 34% artıb. Məlumat üçün bildirim ki, əhalinin zərəri ümumilikdə 1,7 milyard manatdır. Dollar əmanətçilərin qazancı təxminən 970 milyon manatdır. Bankların zərəri isə təxminən 2,7 milyard manat qiymətləndirilir. Bunların təxminən 1 milyard manatını dollar krediti vasitəsilə bərpa edə bilərlər (o da vaxtı uzatmaqla). Açıq valyuta mövqeyinnə görə banklar devalvasiyadan əlavə olaraq milyonlarla dollar məbləğində vəsait itiriblər.
Qanunvericilikdə olan boşluq məsələyə hər kəsin öz nöqteyi-nəzərindən baxmasına əsas yaradır. Banklar təzə məzənnə ilə ödənişi tələb edir, müştərilər isə köhnə məzənnə ilə ödəmək niyyətlərini bildirilər. Hər ikisi yanaşmada qanunvericiliyə istinad edilir. Qanunvericilik isə bu məsələdə birmənalı mövqe ortaya qoya bilmir.
Bir qrup mütəxəssis əsas diqqəti Mülki Məcəllənin 439.7-ci maddəsinə yönəldərək xarici valyutada olan kreditlərin müqavilə bağlanan halda olan məzənnə əsasında ödənilməli olduğunu bildirir. Əsas kimi Məcəllədə göstərilən “öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. Bu halda kredit ödənişləri köhnə məzənnə ilə edənilməlidir.
Digər qrup isə Mülki Məcəllənin 4a39.2-ci maddəsinə istinad edərək “ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” fikrini əsas götürürlər və yeni məzənnə ilə ödənilməli olduğunu qabardırlar.
Əslində problem hüquqşünasların da qeyd etdiyi kimi, qanunlarımızın dilinin qüsurlu olmasında, hərfi tərcümə nəticəsində fikirlərin anlaşıqlı olmamasında, birmənalı fikir yürütmək imkanlarının məhdud olmasındadır.
Əslində kim haqlıdır? Məntiq baxımından banklar, sosial gərginlik baxımından əhali haqlıdır. Fikrimcə, bütün qeyri-müəyyənliklərə rəğmən bu məsələdə qanunvericilik bankların mövqeyinin daha da üstün olduğunu göstərir. Hətta Ali Məhkəmənin Plenumunun 4 saylı 24 noyabr 2005-ci il tarixli Qərarı da bankların mövqeyini gücləndirir. Qərarın 10-cu bəndində belə bir hissə var: “Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Bu bənd göstərir ki, istənilən xarici valyutada olan borc ödəniş tarixinə olan məzənnə ilə ödənilməlidir.
Hüquqşünaslar yaxşı bilir ki, Ali Məhkəmənin Plenimunun Qərarları tövsiyəvi xarakter daşısa da, bir qayda olaraq məhkəmələr bu qərarı fəaliyyətlərində əsas kimi götürürlər. Ona görə də müştərilərin köhnə məzənnə ilə ödəmək barədə iddia qaldırmasının məhkəmə perspektivi yoxdur. Bu vaxta qədər bankların əleyhinə çıxarılmış qərarların isə Appelyasiya perspektivi sual altında qalır.
Azərbaycan qanunlarının əsas mənbələrindən biri olan Rusiya qanunvericiliyində bu məsələ dəqiq göstərilir. Rusiya Mülki Məcəlləsinin “Pul öhdəliklərinin valyutası” adlanman 317-ci maddəsinə əsasən, xarici valyutada olan borc öhdəlikləri rublla ödənilir. Əgər qanunvericilikdə və ya tərəflərin razılaşmasında başqa məzənnə nəzərdə tutulmayıbsa, bu zaman ödəniş gününə olan rəsmi kursu əsas götürülür.
Problemi “dondurmaq”dansa, onun həlli daha vacibdir. Borc məsələsinin gələcəkdə problemə çevrilə bilər. Nəzərə almaq lazımdır ki, banklar da oxşar addımı xarici valyuta əmanətçilərinə qarşı ata bilər. Bu məsələdə Konstitusiya Məhkəməsi orta konkret mövqe qoymalıdır. Ən yaxşısı isə qanunvericiliyə dəyişiklik edərək maddələr dəqiqləşdirilməlidir.
Son anda məlumat gəldi ki, Konstitusiya Məhkəməsi Azərbaycanda dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirmək üçün mayın 7-nə iclas təyin edib. Böyük ehtimalla qərar bankların xeyrinə olacaq.
Dövlət istehlak krediti üzrə əhalinin payına düşən zərəri üzərinə götürə bilər. Söhbət təxmini hesablamalara görə 380 milyon manat vəsaitdən gedir.