Müəllif:Mehin Qasımova,Banco.az
Hindistanda fəaliyyət göstərən aparıcı aviaşirkətlər hökumətə xəbərdarlıq edərək bildiriblər ki, yanacaq vergiləri azaldılmasa, ölkədə aviasiya əməliyyatları dayanmaq riski ilə üz-üzə qala bilər.
Banco.az xəbər verir ki, “The Hindu” nəşrinin məlumatına görə, "Air India", "IndiGo" və "SpiceJet" şirkətlərinin daxil olduğu aviaşirkətlər federasiyası mərkəzi hökumətə rəsmi müraciət ünvanlayıb. Müraciətdə yanacaq vergilərinin azaldılmasının vacibliyi xüsusi vurğulanıb.
Aviaşirkətlər qeyd ediblər ki, Yaxın Şərqdə artan gərginlik fonunda yanacaq xərcləri ciddi şəkildə yüksəlib və bu da sektorun maliyyə dayanıqlığını zəiflədir. Onların sözlərinə görə, mövcud vəziyyət aviasiya sahəsini fəaliyyətini dayandırmaq həddinə gətirib çıxarır.
Bəyanatda bildirilir ki, ölkə daxilində yanacaq xərclərinə yenidən baxılmasa, vəziyyət daha da ağırlaşacaq. Şirkətlər xəbərdarlıq ediblər ki, yanacağın qiymətinin nəzarətsiz artımı və yüksək vergi yükü nəticəsində yaranan itkilər aviaşirkətləri uçuşları dayandırmağa məcbur edə bilər.
Ekspertlər hesab edir ki, Hindistan kimi böyük aviasiya bazarında belə bir ssenari həm daxili, həm də beynəlxalq hava nəqliyyatında ciddi pozuntulara səbəb ola bilər.
