Dəbbə pulu nədir? | Banco.az

Dəbbə pulu nədir?

Əmanətlərin sığortalanması sisteminin yaradılmasının əsas məqsədi müxtəlif banklarda əmanət yerləşdirən şəxsləri müdafiə etməkdən ibarətdir.

Daha aydın şəkildə desək, əgər sizin yerli banklarda və ya xarici bankların bizim ölkədə olan filiallarında əmanətiniz varsa və həmin banklar ödəmə qabiliyyətini itirərsə siz əmanətinizi itirməyəcəksiniz.  Yəni, bu bank bağlanarsa və ya müflisləşmə təhlükəsi ilə üz-üzə qalarsa Əmanətlərin Sığortalanması Fondu sizin bankda yerləşdirdiyiniz əmanəti kompensasiya edəcək.

Qeyd edək ki, Fond yalnız fiziki şəxslərin qorunan əmanətlərini kompensasiya edir.

Fiziki şəxs dedikdə  rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs başa düşülür.

Qorunan əmanət isə sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 

Yəni, əgər əmanətçi hüquqi şəxs (Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar) deyilsə və ya cinayətlə əlaqədar, üzərinə həbs qoyulmuş əmanət deyilsə və bu kimi bir sıra hallarla əlaqəsi yoxdursa bu əmanətlər qorunan əmanətlər sayılır.

 

Bəs əmanətlərin sığortalanması halı necə baş verir?

Banklar əmanətlərin sığortalanması üçün Əmanətlərin Sığortalanması Fondunda reyestrinə daxil olurlar və üzvlük haqqını ödəyirlər. Üzvlük haqqını ödədikdən sonra banklar iştirakçı banklara çevrilirlər. İştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır. Üzvlük haqqından əlavə banklar təqvim haqqı və digər əlavə ödənişlər də edirlər ki, bunların hamısı sığorta haqqına daxildir.

Ən sərfəli kredit üçün müraciət et

İştirakçı banklarla hər hansı sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsi hadisəsi kimi hadisələr baş verərsə Fond qorunan əmanətçilərin əmanətlərini kompensasiya edir.

Dəbbə pulu nədir?

Dəbbə pulu iştirakçı bank tərəfindən ödənilən penyadır. Əgər bank ödənişlərini Fonda vaxtında ödəmirsə bu zaman cərimə kimi dəbbə pulu hesablanır.

Dəbbə pulunun hesablanması qaydası:

Dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün hesablanır. Bu, əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5 faizi həcmində hesablanır. Yəni, əgər bank ödənişi bir gün gecikdirərsə, bu zaman bankın ötən ilin həmin günündə ödədiyi sığorta haqqının 0,5%-i tapılır və bank ödənişlə bərabər əlavə olaraq bu cərimə faizini (dəbbə pulu) də ödəməli olur.

Qeyd edək ki, 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50) ilə 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilmişdir.

Sığorta haqları və dəbbə pulu 30 gün ərzində ödənilmədikdə, dəbbə pulunun hesablanması dayandırılır və Fond həmin vəsaitlərin iştirakçı bankın müxbir hesablarından tutulması üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

Ən sərfəli krediti almaq üçün müraciət et