Bank sektoruna necə kömək etmək olar? | Banco.az

Bank sektoruna necə kömək etmək olar?

“Banklar nə etməlidir ki, vəziyyətləri düzəlsin?” –sualı ilə iqtisadçı ekspert Rəşad Həsənova müraciət etdik, ekspert bildirir ki, burada əsas iş banklar ilə yanaşı, həm də dövlətin üzərinə düşür. Bir neçə istiqamətdə, təməlli islahaltlara ehtiyac var. Ekspertin fikrini sizə təqdim edirik.

Rəşad Həsənov:

Azərbaycanda maliyyə bank sektoru ilə bağlı nəzərdə tutulan gələcək islahatların əks olunduğu strateji yol xəritəsi hazırlanıb. Amma onu qeyd etmək istəyirəm ki, banların mövcud durumda olmasının yeganə günahkarı təkcə bankların özü deyil.  Düzdür, vətəndaş prizmasından baxsaq, banklar sələmçi funksiyalarının yerinə yetirilməsinə şərait yaradıb, əsassız formada kredit portfelinin genişlənməsinə, heç bir kredit qaytarma gücü olmayan, biznesə və vətəndaşa kredit verilməsinə gətirib çıxaran addımlar atıb, yüksək faiz dərəcələri və s tətbiq edib. Azərbaycanın bank sektoru bu gün heç də rəqabətli və professional deyildi, baxmayaraq ki, 25 illik inkişaf tarixi var. Amma vurğulamaq lazımdır ki, bankların öz səhvləri ucbatından onlara dəyən zərərin miqyası heç zaman bu qədər böyük olmazdı, əgər hansısa formada həyata keçirilən siyasətin nəticəsi olaraq, ölkə iqtisadiyyatının 2015-ci ildə ən yüksək formada neft asılılığı səbəbindən belə bir staqnasiyaya uğraması baş verməsəydi, devalvasiya və manatın dəyərinin ucuzlaşması olmasa idi. 2015-2016-cı illər ərzində manat öz dəyərini 56% itirdi, bu da təbii ki, bank sektoruna öz fəsadlarını verdi.

Əgər tövsiyə etmək istəyəriksə, həm banklara, həm də hökumətə bu sektora yönəlmiş fəaliyyətində təkmilləşdirmə aparmaları ilə bağlı tövsiyə etməliyik.

Dövlət ilk növbədə bank sektorunda liberallaşma həyata keçirməlidir. Bank sektorunda hazırkı şəraitdə mövcud olan mühafizəkarlıq yanaşması aradan qaldırılmalı, beynəlxalq bankların, maliyyə institutlarının, korporasiyaların ölkəyə daxil olmasına və ölkədə sərbəst fəaliyyətinə şərait yaradılmalıdır. Rəqabət mühiti tam formalaşmalıdır. Hazırkı şəraitdə, sektor üçün risk daşıyan problemli bankların qorunub saxlanmasına heç bir ehtiyac yoxdur, ən sürətli şəkildə bu banklar ləğv edilməlidir. Çünki bu bankların yanlış fəaliyyəti – mövcud olması bank sektoruna olan güvəni ciddi şəkildə sarsıdır. Bank sektoru eyni zamanda ictimai güvəndən asılı olan bir sektordur. Əgər sektora ictimai güvən nə qədər aşağı düşürsə, o qədər əmanət və digər vəsait cəlb edilməsi imkanları məhdudlaşır, o qədər yerli vəsaitə çıxış imkanı azalır, banklar vəsaitləri yüksək faizlə cəlb etmək məcburiyyətində qalır ki, bu da son nəticədə faiz xərclərini yüksəldir.

Biz ilk olaraq, dövlət olaraq, bank sektorunun liberallaşdıırlması istiqamətində siyasətə köklənməliyik. Xarici bankların sektora cəlb olunmasına şərait yaradılmalıdır. Yerli, sistem əhəmiyyətli bankların müdafiəsi təşkil oluna bilər, amma “kiminsə bankıdır”  yanaşması aradan qalxmalı və bu səbəbdən hansı bankın sektorda mövcudluğunu davam etdirməsinə icazə verilməməlidir. Belə bankların müdafiə olunması prinsipi qəti aradan qalxmalıdır. Çünki belə banklar sabah yenə Azərbaycanın ictimai vəsaitləri və dövlət vəsaitləri üçün problemə çevrilir. Biz artıq bu tip prosesin şahidi olmuşuq.

Eyni zamanda banklar özləri də öz fəaliyyətlərini təkmilləşdirməlidir. Banklar gəlirlərini diversifikasiya etməlidir. Banklar ən müasir formada inkişaf etmiş bank xidmətlərini öz arsenalına daxil etməlidir. Digər xidmətlərdən gəlir imkanları genişlənməli, rəqabətli bazarda fəaliyyət göstərmək imkanı əldə etməlidir.

Sektorda şəffaflıq təmin olunmalıdır. Şəffaflığın təmin olunması yolu hesabatlıqdan keçir. Baxmayaraq ki, zamanında bank sektoru ən yaxşı hesabatlı sahələrdən biri hesab olunurdu, ən azından illik hesabatlar tam ortaya çıxırdı, rüblük hesabatlar bankların saytlarında dərc olunurdu. Amma hazırda bu kimi informasiyaları bir çox banklar gizlədir və son nəticədə həmin bankın fəaliyyətinə ciddi şübhələrin yaranmasına gətirib çıxarır.

Banklar kredit siyasətinə yenidən baxmalıdır. Əldə olunan vəsaitlərin mərkəzi banın depozit hərraclarına yatırmaqla, bankı saxlamaq olmayacaq. Maliyyə nəticələrindən göründüyü kimi sonda ili zərərlə başa vuracaqlar

Hökumətin atacağı addımlarında biri də müştərilərin əvf olunmasıdır. Azərbaycan o qədər də böyük deyil, müştəri kontingenti də böyük deyil, belə bir şəraitdə düşünürəm ki, milli məclisdə və ya digər bir formada, müştərilərin əfv olunması ilə bağlı qərar olmalıdır. Çünki müştərilərin, biznesin və vətəndaşının da bu gün kredit ödəmə qabiliyyətinin itirməsinin birbaşa səbəbkarı, günahı özlərində deyil. Özlərinin hansısa günahı  var idisə də devalvasiyadan, iqtisadiyyatın durğunluğundan qaynaqlanan səbəblər də daha böyük rol oynayıb.   Buna görə də parlamentdə müştərilərin əfvi ilə bağlı hər hansı bir qanun layihəsi hazırlanıb, müzakirə olunarsa, bilərəkdən deyil, istəməyərək gecikmələri yaranan, ödəniş qrafiklərində problem yaranan müştərilərə güzəşt olarsa belə müştərilər yenidən bankların fəaliyyət sferasına qayıda bilər. Əks təqdirdə banklar bu gün kimə kredit verəcəyini bilmir.

Könül Soltanova, Banco.az