İspaniya hökuməti WhatsApp və digər mesajlaşma platformalarından gəlirlərinə uyğun vergi vermələrini tələb edib. Müzakirəyə çıxarılan ilkin qanuna əsasən, verginin məbləği qazancı ildə 1 milyondan çox olan şirkətlər üçün hər min Avro gəlirə görə, 1 Avrodan yüksək olmamalıdır. Bu, dünya təcrübəsində ilk deyil. Bir sıra ölkələr kütləvi istifadə olunan, nəhəng platformalara sahib telekomunikasiya şirkətləri üçün vergi tələb edirlər.
Maraqlıdır, bəs Azərbaycanda necə, WhatsApp, Facebook və həmvətənlərimiz hesabına xeyli gəlir qazanan digər şirkətlər vergi ödəyirlər?
Mövzu ilə bağlı danışan hüquqşünas Roman Qaraşov bildirib ki, vergi qanunvericiliyinə görə, belə şirkətlərdən ödəniş alınması məsələsinə yalnız bəzi hallarda baxılır: "Əcnəbi şirkətlərin Azərbaycanda rəsmi filial və ya nümayəndəlikləri varsa, fəaliyyətlərinin vergiyə cəlbi məsələsinə baxıla bilər. Təbii ki, bu zaman gəlirləri də rəsmiləşmiş olar. Amma xaricdən birbaşa fəaliyyət göstərən mobil tətbiq və digər sosial şəbəkə xarakterli platformalarla bağlı xüsusi tənzimləyici normativ yoxdur. Məsələn, bu cür şirkət Azərbaycana vergi ödəmirsə, qanun ondan fəaliyyətini dayandırmağı tələb etmir. Ölkəmizdə bu məsələlər tənzimlənmir. Yalnız Azərbaycanda fəaliyyət göstərən internet provayderləri və digər qurumların isə xalis mənfəətindən bəzi vergilər tutulur".
R.Qaraşovun fikrincə, ümumiyyətlə, qanunvericiliyə vergi tələbi ilə bağlı bu cür dəyişikliklərə ehtiyac yoxdur: "Çünki hələlik bizdə bu sahədə xüsusi nəzarət mexanizmləri mövcud deyil. Şirkətlərin vergiyə hansı qaydada cəlb olunacağı məsələsi o qədər də təkmil formada deyil. Yəni, həm internet platformalara nəzarət, həm gəlirlərinin müəyyənləşdirilməsi və s. xeyli tənzimlənmələr tələb edir. Bəzən vergiyə cəlbi bəhanəsi ilə o platformaların tətbiqi dayandırıla bilər. Bu, vətəndaş hüquqlarının pozulmasına gətirib çıxarar. Buna görə də internetə hər hansı müdaxiləyə ehtiyac yoxdur".
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!