“Bank of America” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb | Banco.az

“Bank of America” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bank of America” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, Amerikanın transmilli investisiya bankı “Bank of America” (BofA) üçüncü rüb üzrə maliyyə hesabatını təqdim edib. Bankın investisiya bankçılığı gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq 2,05 milyard dollara çatıb. Analitiklərin proqnozlarına görə, bu göstəricinin 1,65 milyard dollar səviyyəsində olacağı gözlənilirdi.

Konsaltinq gəlirləri 51 faiz artımla 583 milyon dollara, səhm buraxılışı gəliri 34 faiz artımla 362 milyon dollara, borc təminatı gəliri isə 1,11 milyard dollara yüksəlib. Hər üç göstərici analitiklərin gözləntilərini üstələyib.

Bankın istiqraz, valyuta və əmtəə ticarətindən əldə etdiyi FICC gəlirləri 3,08 milyard dollar, səhm ticarətindən gəliri isə 2,27 milyard dollar olub. Beləliklə, ümumi ticarət gəliri 5,35 milyard dollar təşkil edib ki, bu da proqnozları geridə qoyub.

Bankın əsas gəlir mənbələrindən biri olan xalis faiz gəlirləri isə 9,1 faiz artaraq 15,2 milyard dollara yüksəlib (analitiklər 7,6 faiz artım gözləyirdilər).

“Bank of America”nın xalis mənfəti 23 faiz artaraq 8,47 milyard dollara çatıb. Bankın düzəliş edilmiş hər səhm üzrə gəliri (EPS) isə 1,06 dollar olub. Bu da 0,95 dollar gözləntilərindən yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram