Azərbaycanda dövlətdən maliyyə dəstəyi alan kredit ittifaqlarının sayı artır | Banco.az

Azərbaycanda dövlətdən maliyyə dəstəyi alan kredit ittifaqlarının sayı artır

Hazırda İqtisadiyyat Nazirliyi (İN) yanında Sahibkarlığa Kömək Milli Fondu ilə 25, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti (KTLKİEDX) ilə 10-dan artıq kredit ittifaqı əməkdaşlıq edir. Bunu "Report"a açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Cəlil Süleymanov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, dövlətdən maliyyə dəstəyi alan kredit ittifaqlarının sayı artmaqdadır: "Artıq 5-6 kredit ittifaqı İN ilə, təxminən bu qədər də kredit ittifaqı isə KTN ilə əməkdaşlıq üçün sənədlərini təqdim edib. Yəqin ki, yaxın vaxtlarda onlar da əməkdaşlığa cəlb olunacaq".

C.Süleymanov qeyd edib ki, dövlət qurumları tərəfindən maliyyələşdirilmək üçün kredit ittifaqlarına Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) müvafiq arayış verməlidir. Bu arayışı isə heç də bütün ittifaqlar ala bilmir: "Burada obyektiv və subyektiv səbəblər var. Bəzi kredit ittifaqları işini Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əsasnaməyə uyğun qura bilmir, onların kapital ehtiyatı lazımi səviyyədə deyil, kredit portfelinə nisbətən azdır. Son nəticədə, həmin ittifaqlar Palatadan arayış ala bilmir".