Azərbaycan xalqının inflyasiya ilə tanışlığı | Banco.az

Azərbaycan xalqının inflyasiya ilə tanışlığı

Azərbaycan xalqının inflyasiya ilə tanışlığı 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olmuşdur. Ümumi götürdükdə Azərbaycanda inflyasiyanın ortaya çıxmasının əsas səbəbi məcmu tələbin məcmu təklifi aşması olmuşdur. Bu isə ilk əvvəl özünü tələb inflyasiyası kimi göstərsə də sonradan hiper inflyasiyaya çevrilmişdir. Daha sonrakı illərdə infyasiya səviyyəsinin nisbətən aşağı düşməsinin əsas səbəblərindən biri kimi xalqın əlində qalan yığımlarının, bəzi mal rezervlərinin bazara sürülməsi və məcmu tələbin müəyyən ölçüdə qarşılanması idi. Azərbaycanda hiper inflyasiyanın baş vermə səbəblərini aşağıdakı kimi açıqlamaq olar:

  • Dağlıq Qarabağ müharibəsi, “mərkəzdən qaçma” meyllərinin davam etməsi, ölkədaxili siyasi qeyri-sabitliyin hökm sürməsi
  • Iqtisadiyyatın nəzarətdən kənar qalması, qeyri-rasional olaraq pul emissiya edilməsi

2008-ci ildə müşahidə olunan inflyasiya səviyyəsinin qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilmişdir. Cari ilin birinci yarısında uçot dərəcəsi 13%-dən 15%-ə, məcburi ehtiyat norması isə 10%-dən 12%-ə qaldırılmış və bankların xarici öhdəliklərinə 5%-lik məcburi ehtiyatlar tətbiq edilmişdir. Kapitalın hərəkət rejimi də tam liberallaşdırılmışdır. Lakin ilin sonunda qlobal iqtisadi böhranın nəticələrinə uyğun olaraq Mərkəzi Bank da öz siyasətində müəyyən dəyişikliklər edərək, uçot faiz dərəcələrini 8%-ə qədər aşağı salmaqla yanaşı, xarici öhdəliklərə qarşı tətbiq etdiyi normativi də aradan qaldırmışdır. Təkcə Azərbaycanda deyil, dünyanın aparıcı ölkələrində uçot faiz dərəcələri aşağı salınmışdır. Federal Ehtiyat Sistemi uçot dərəcəsini il ərzində 6 dəfə dəyişərək 4,25%-dən 0,25%-ə, Avropa Mərkəzi Bankı isə 3 dəfə dəyişərək 4%-dən 2,5%-ə qədər aşağı salmışdır.

Ən sərfəli kredit üçün müraciət et

2008-ci ildə həyata keçirilən antiinflyasiya tədbirləri sayəsində 2009-cu ildə orta inflyasiya səviyyəsi təxminən 14 dəfə aşağı düşərək 1,5% olmuşdur. Dövr ərzində orta illik inflyasiyanın aşağı düşməsi əhalinin real gəlirlərinin artımı ilə yanaşı qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasına da müsbət təsir göstərmişdir.

2013-cü il ərzində inflyasiya səviyyəsində davamlı artım baş vermişdir. 2013-cü ilin yanvar ayında inflyasiya 0,8% olduğu halda, dekabrda 2,4%-ə bərabər olmuşdur. 

Əksinə, 2014-cü ilin ilk aylarından başlayaraq inflyasiya səviyyəsi aşağı düşməyə başlamışdır. Belə ki, əgər ilin əvvəlində (yanvar) inflyasiya səviyyəsi 2,2% olmuşdursa, sonrakı aylarda orta hesabla hər ay 0,1 f.b. azalaraq avqust ayında 1,4% olmuşdur.