Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın aparıcı ödəniş platforması "PayPal" 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini 24%, gəlirini isə 7% artırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, iyul–sentyabr aylarında şirkətin xalis mənfəəti 1,25 milyard dollar və ya hər səhmə görə 1,30 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1,01 milyard dollar və ya hər səhm üçün 0,99 dollar idi.
Düzəliş edilmiş mənfəət 12% artaraq səhm başına 1,34 dollar olub. Şirkətin gəlirləri isə bir il əvvəlki 7,85 milyard dollardan 8,42 milyard dollara yüksəlib.
Bu nəticələr FactSet analitiklərinin gözləntilərindən yüksək olub – onlar 8,24 milyard dollar gəlir və səhm başına 1,20 dollar mənfəət proqnozlaşdırırdılar.
Hesabat dövründə "PayPal" platformalarında ödənişlərin ümumi həcmi 8% artaraq 458,1 milyard dollara çatıb. Valyuta məzənnələrinin təsiri nəzərə alınmadan artım 7% təşkil edib.
Bununla belə, işlənmiş əməliyyatların sayı 5% azalaraq 6,3 milyard olub. Şirkətin aktiv hesablarının sayı illik müqayisədə 1% artaraq 438 milyona yüksəlib.
"PayPal" tarixində ilk dəfə dividend ödəyəcək
Şirkətin Direktorlar Şurası PayPal-ın tarixində ilk dəfə rüblük dividend proqramını təsdiqləyib.
Hər səhm üçün 0,14 dollar məbləğində dividend dekabrın 10-da ödəniləcək, rekord tarix isə noyabrın 19-u olacaq.
