Azərbaycan Banklar Assosiasiyası Türkiyəyə yardımlarla bağlı bəyanat yayıb! | Banco.az

Azərbaycan Banklar Assosiasiyası Türkiyəyə yardımlarla bağlı bəyanat yayıb!

13 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilmişdir. İclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilmişdir.

Müzakirələr zamanı, ABA üzvləri tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ianələr edilməsinə başlandığı qeyd edilərək, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanmışdır. İclasın sonunda ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu bəyan edilmiş və ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.

Xatırladaq ki, 8 fevral 2023-cü il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı qərara alınmışdır.

Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan “Ziraat Bank Azərbaycan” ASC və “Yapı Kredi Bank Azərbaycan” ASC-də AFAD-ın müvafiq hesabları açılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyə Respublikasının yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.

Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et